Brent markalı neft 113 dolları keçib
Neft qiymətləri 2022-ci ilin ortalarından bəri ən yüksək bağlanış səviyyəsindən sonra artımını davam etdirib. Buna səbəb ABŞ Prezidenti Donald Trampın İrana Hörmüz boğazını açmaq üçün verdiyi 48 saatlıq ultimatum və Tehranın cavab təhdidləri olub.
Brent markalı neftin qiyməti beşinci ardıcıl gün artaraq 113 dollar/barrel səviyyəsini keçib. ABŞ-ın West Texas Intermediate (WTI) markalı nefti isə 100 dollar ətrafında ticarət olunub.
Trump bildirib ki, İran 48 saat ərzində boğazı “tam şəkildə açmalıdır”, əks halda ölkənin elektrik stansiyalarına zərbələr endirilə bilər. Tehran isə bu addımın atılacağı təqdirdə Yaxın Şərqdə əsas enerji infrastrukturuna hücum edəcəyi ilə hədələyib.
Qlobal bazarlara təsir
Qlobal etalon sayılan Brent nefti fevralın sonlarında ABŞ və İsrailin İrana qarşı hücumlarından sonra 50%-dən çox bahalaşıb.
Münaqişənin səngimə əlamətləri göstərməməsi fonunda xüsusilə neft məhsulları bazarlarında artım daha da sürətlənib. Bu vəziyyət qlobal inflyasiyanın yenidən güclənməsi riskini artırır.
Enerji qiymətlərindəki artım artıq maliyyə bazarlarında geniş təsir göstərir və xammal, səhm və istiqraz bazarlarında dalğalanmanı gücləndirir.
Teqlər: