Brent markalı neft 90 dolları keçdi
Yaxın Şərqdə davam edən müharibə fonunda qlobal enerji bazarlarında gərginlik artıb və neft qiymətləri son aylarda ən yüksək səviyyələrdən birinə çatıb.
Ticarət zamanı Brent crude markalı neftin qiyməti təxminən 92,6 dollar/barel, ABŞ-ın West Texas Intermediate (WTI) markalı nefti isə 90,7 dollar/barel səviyyəsinə qədər yüksəlib.
Analitiklərin fikrincə qiymətlərin kəskin artmasının əsas səbəbi Yaxın Şərqdə müharibənin qlobal enerji təchizatına yaratdığı risklərdir. Xüsusilə Hörmüz boğazı ətrafında tanker hücumları və təhlükəsizlik riskləri səbəbindən neft daşımaları demək olar ki, dayanıb.
Məlumatlara görə son hücumlardan sonra boğazdan keçən tanker və qaz daşıyan gəmilərin sayı kəskin azalıb. Halbuki dünya üzrə dəniz yolu ilə daşınan neftin təxminən 20%-i məhz bu strateji marşrutdan keçir.
Enerji bazarındakı gərginlik səbəbindən neft qiymətləri ilin əvvəlindən bəri ciddi şəkildə artıb. Yanvar ayında Brent markalı neft orta hesabla təxminən 65 dollar/barel səviyyəsində olduğu halda, hazırda qiymətlər 40%-dən çox yüksəlib.
Eyni zamanda BƏƏ-nin əsas ixrac markalarından biri olan Murban crude artıq 102 dollar/barel səviyyəsini keçib. Bir sıra analitiklər hesab edir ki, münaqişə uzanarsa Brent qiymətinin 100 dollar və daha yuxarı səviyyəyə qalxması ehtimalı artır.
Neft bazarındakı bahalaşma qlobal iqtisadiyyata da təsir göstərməyə başlayıb. ABŞ-da benzin qiymətləri artıq təxminən 3,15 dollar/qallon səviyyəsinə yüksəlib. Analitiklər xəbərdarlıq edir ki, neftin uzun müddət 90-100 dollar aralığında qalması enerji idxalından asılı ölkələrdə inflyasiya və iqtisadi zəifləmə risklərini artıracaq.
Teqlər: