Ceyhun Bayramov Avropa rəsmisi ilə təhlükəsizliyi müzakirə edib

Ceyhun Bayramov Avropa rəsmisi ilə təhlükəsizliyi müzakirə edib

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Avropa Xarici Fəaliyyət Xidmətinin siyasi direktoru və siyasi məsələlər üzrə baş katibin müavini Olof Skoogun rəhbərlik etdiyi nümayəndə heyəti ilə yüksək səviyyəli danışıqlar aparıb. Müzakirələrin diqqət mərkəzində Azərbaycan-Avropa münasibətləri, regional təhlükəsizlik, münaqişədən sonrakı vəziyyət, həmçinin Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması səyləri olub.

Tərəflər siyasi dialoqun və müxtəlif sahələrdə əməkdaşlığın gücləndirilməsinin vacibliyini vurğulayıblar. Bu sahələrə enerji təhlükəsizliyi, nəqliyyat əlaqələri və yaşıl enerji daxildir. Azərbaycanın Avropa İttifaqının enerji təhlükəsizliyində rolu qeyd olunub. Bərpa olunan enerji, enerji səmərəliliyi və elektrik enerjisi ixracı üzrə davam edən layihələr xüsusi vurğulanıb.

Görüşdə regionun nəqliyyat və kommunikasiya potensialını artırmaq üçün mövcud marşrutlar üzrə infrastruktur imkanlarının genişləndirilməsi və yeni marşrutların yaradılması da müzakirə edilib. Tərəflər regionda davamlı sülh və sabitliyin təmin olunması üçün tədbirləri nəzərdən keçiriblər. Yenidənqurma və bərpa işləri, həmçinin mina təhlükələri barədə məlumat verilib. Olof Skoog işğaldan azad edilmiş ərazilərə səfərindən sonra təəssüratlarını bölüşüb.

Görüş zamanı qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər də müzakirə olunub.