Çin Sincanda dünyanın ən böyük hibrid günəş stansiyasını işə salıb

Çin Sincanda dünyanın ən böyük hibrid günəş stansiyasını işə salıb

Çin Sincan Uyğur Muxtar Bölgəsində yerləşən dünyanın ən böyük hibrid günəş enerjisi stansiyasını istifadəyə verib. China Three Gorges şirkəti tərəfindən inşa olunan obyekt 1 gigavat (GW) gücə malikdir və ənənəvi fotovoltaik (PV) panelləri konsentrasiyalı günəş enerjisi (CSP) texnologiyası ilə birləşdirir.

Stansiya gündüz günəşdən əldə edilən istiliyi təxminən 550°C-yə qədər qızdırılan ərimiş duzda saxlayaraq gün batandan sonra da elektrik istehsalını davam etdirə bilir. Ərimiş duzlu istilik saxlanması sayəsində obyektdə litium-ion batareyalara ehtiyac olmadan gecə 8 saata qədər enerji təmin edilə bilir. Stansiyanın ümumi gücünün 900 meqavatını PV panellər, 100 meqavatını isə CSP sistemi təşkil edir. Gündüz PV panellər birbaşa elektrik şəbəkəsinə enerji verir, CSP bloku isə istiliyi saxlayır və gecələr 100 meqavat güclə elektrik istehsalını davam etdirir.

Hami şəhərindəki Qobi səhrasında təxminən 1.817 hektar ərazidə qurulan layihədə günəşi izləyən 260 min ədəd güzgü yerləşir. Əks etdirici səth sahəsi təxminən 800 min kvadratmetrə çatan güzgülər günəş şüalarını ərimiş duzu qızdıran nöqtələrə yönəldir. Obyektin inşasına təxminən 3,53 milyard yuan (480 milyon dollar) investisiya qoyulub. Xətti Fresnel dizaynından istifadə edən stansiya standart sistemlərlə müqayisədə istilik çevrilmə səmərəliliyini 10 faizədək artırır və 46 dövrəli quruluşu ilə texniki xidmət zamanı əməliyyatların dayanmasının qarşısını alır.

Stansiya 2025-ci ilin sentyabrından elektrik şəbəkəsinə enerji verməyə başlayıb və indi kommersiya sınaq əməliyyatlarına keçib. Obyekt tam güclə ildə təxminən 2,07 teravatsaat (TWh) elektrik istehsal edə biləcək. Bu istehsal təxminən 830 min ev təsərrüfatının illik elektrik tələbatını ödəməyə yetəcək səviyyədədir. Bundan əlavə, ildə təxminən 1,63 milyon ton karbon dioksid emissiyasının qarşısının alınması hədəflənir. Bununla Sincan bölgəsində bərpa olunan enerjinin payının 95 faizdən yuxarı qalxacağı gözlənilir.

Hamidəki bu obyekt 950 meqavat gücündə Dubaydakı Noor Energy 1 hibrid günəş stansiyasını geridə qoyaraq dünyanın ən böyük CSP-PV hibrid günəş enerjisi stansiyası adını qazanıb. Daha böyük hibrid günəş enerjisi layihələrinin də yolda olduğu bildirilir.