Hörmüz böhranına görə konteyner daşımaları dayandırılır

Hörmüz böhranına görə konteyner daşımaları dayandırılır

İran ətrafında gərginliyin artması fonunda dünyanın aparıcı konteyner daşıma şirkətləri Hörmüz boğazı və Fars körfəzi marşrutları üzrə sifarişləri dayandırmağa və gəmiləri alternativ marşrutlara yönləndirməyə başlayıb.

Dünyanın ən böyük konteyner operatorlarından biri olan MSC Yaxın Şərq istiqamətində bütün yük sifarişlərini dayandırıb və regionda olan gəmiləri təhlükəsiz limanlara yönləndirib.

Maersk isə Hörmüz boğazından keçən marşrutları və Qırmızı dəniz və Süveyş kanalı üzrə bəzi reysləri müvəqqəti olaraq dayandırıb.

Hapag-Lloyd şirkəti Hörmüz boğazından bütün keçidləri dayandıraraq gəmiləri Afrikanın cənubundakı Ümid burnu marşrutu ilə yönləndirməyə başlayıb.

CMA CGM isə regiondakı gəmilərinə təhlükəsiz limanlara çəkilmək barədə göstəriş verib və Süveyş kanalı üzərindən həyata keçirilən bəzi reysləri dayandırıb.

Məlumatlara görə hazırda təxminən 170 konteyner gəmisi (təxminən 450 min TEU tutum) Hörmüz boğazı ətrafında ilişib qalıb. Fars körfəzi regionunda yerləşən Cebel Ali və Bəndər Abbas kimi əsas limanların fəaliyyəti də ciddi şəkildə pozulub.

Alternativ marşrutlardan istifadə isə daşınma müddətini artırır. Asiya–Avropa marşrutları üzrə reyslərin 10-14 gün daha uzun çəkməsi gözlənilir.

Gəmi marşrutlarının dəyişdirilməsi və təhlükəsizlik riskləri səbəbindən konteyner daşımalarının qiymətləri 100-300% artıb. Bundan əlavə sığorta və müharibə riski ilə bağlı əlavə rüsumların tətbiq ediləcəyi gözlənilir.