İran bağlantılı hakerlər Britaniyada elektrik stansiyasını sıradan çıxarıb

İran bağlantılı hakerlər Britaniyada elektrik stansiyasını sıradan çıxarıb

İran bağlantılı hakerlər Böyük Britaniyada kiçikmiqyaslı elektrik stansiyasına kiberhücum təşkil edərək obyekti dörd gün ərzində sıradan çıxarıb. Britaniya hökuməti bu hadisənin ölkənin ümumi enerji sistemi üçün hər hansı risk yaratmadığını açıqlayıb.

Hadisə ilə bağlı təfərrüatlar paylaşılmayıb. Milli Kibertəhlükəsizlik Mərkəzi (NCSC) və Böyük Britaniyanın Enerji Təhlükəsizliyi və Xalis Sıfır Nazirliyi (DESNZ) hücumun böyük enerji obyektini hədəf almadığını vurğulayıb. Nazirlik kiçikmiqyaslı elektrik istehsalçısının zərər gördüyü hücumla əlaqədar elektrik şirkətləri ilə əlaqə saxlayaraq zəruri xəbərdarlıqlar edib.

Böyük Britaniyanın elektrik şəbəkəsində tələbat artdıqda qısamüddətli əlavə istehsal təmin edən çoxsaylı kiçik qaz stansiyası var. Bu cür obyektlər elektrik enerjisinə tələbatın qəfil artmasını qarşılamaq üçün istifadə olunur. Son hücum kiçikmiqyaslı enerji infrastrukturunun da kiber təhdidlərin hədəfi ola biləcəyini göstərib.

Böyük Britaniya enerji təchizatının qorunmasını kritik təhlükəsizlik məsələsi kimi qiymətləndirir. Ölkə enerji sektorunda kibertəhlükəsizlik standartlarını yeniləyərkən yeni enerji dayanıqlılığı strategiyası hazırlayır.

İran isə inkişaf etmiş kiberhücum imkanlarına malik ölkələr arasında yer alır. Qərb kibertəhlükəsizlik qurumları İran və ya onun rəhbərliyi ilə əlaqəli qrupların həyata keçirə biləcəyi hücumlara qarşı hazırlıq görür. Bu il İranla ABŞ arasında baş verən qarşıdurmalardan sonra daha genişmiqyaslı kiberhücumlar gözlənilsə də, hələlik bu miqyasda fəaliyyət müşahidə olunmayıb.