İran gərginliyi: İtaliya, Belçika və Polşa LNG təchizatında ən böyük risklə üzləşir

İran gərginliyi: İtaliya, Belçika və Polşa LNG təchizatında ən böyük risklə üzləşir

İranla bağlı gərginliyin artması və Hörmüz boğazı ətrafında yaranan risklər Avropanın bəzi ölkələrini mayeləşdirilmiş təbii qaz (LNG) təchizatı baxımından daha həssas vəziyyətə salıb.

Enerji analitik şirkəti Kpler və Brüsseldə yerləşən Bruegel analitik mərkəzinin araşdırmasına görə ən böyük risklə üzləşən ölkələr İtaliya, Belçika və Polşa hesab olunur.

Ekspertlər bildirirlər ki, bu ölkələr əsasən Qatar LNG idxalından yüksək dərəcədə asılıdır və qaz anbarlarının doluluq səviyyəsi də nisbətən aşağıdır. 2025-ci ildə İtaliyanın LNG idxalının təxminən 30%-i, Polşanın isə 17%-i Qətərdən təmin olunub.

Bundan əlavə Belçikada qaz anbarlarının doluluq səviyyəsi təxminən 25,5% səviyyəsindədir ki, bu da Avropa üzrə ən aşağı göstəricilərdən biridir. İtaliyada bu göstərici 47%, Polşada isə 50% civarındadır.

Araşdırmada qeyd edilir ki, Avropa İttifaqına daxil olan LNG-nin təxminən 20%-i Fars körfəzindən gəlir və bu yükün böyük hissəsi Ras Laffan LNG terminal vasitəsilə ixrac olunur. Həmin LNG tankerlərinin demək olar ki, hamısı Hörmüz boğazından keçdiyi üçün bölgədəki hərbi risklər Avropanın qaz bazarına birbaşa təsir göstərir.

Hazırda Avropa qaz anbarlarının orta doluluq səviyyəsi təxminən 30% civarındadır ki, bu da son illərin orta göstəricisi olan 60%-dən xeyli aşağıdır. Analitiklər xəbərdarlıq edirlər ki, tədarükün uzun müddət pozulması Avropa ilə Asiya arasında LNG yükü uğrunda rəqabəti gücləndirə bilər.

Mövcud riskləri azaltmaq üçün Avropa ölkələri alternativ mənbələrə yönəlir. Bu çərçivədə Norveçdən boru kəməri qazının artırılması və Azərbaycandan təbii qaz tədarükünün genişləndirilməsi kimi variantlar müzakirə olunur.