Küveyt neft hasilatını azaltmağa başlayıb

Küveyt neft hasilatını azaltmağa başlayıb

Portfel.az xəbər verir ki, Küveyt İran müharibəsi fonunda Hörmüz boğazının blokadası səbəbindən bəzi neft yataqlarında hasilatı azaltmağa başlayıb.

Məlumata görə ölkədə neft anbarlarının dolması nəticəsində istehsalın bir hissəsi dayandırılıb. Analitiklər bildirir ki, bu, Fars körfəzi ölkələri arasında “tank-top” səbəbi ilə, yəni saxlama imkanlarının dolması üzündən hasilatın azaldılması ilə bağlı ilk haldır.

Hazırda Küveyt gündə təxminən 2,8 milyon barel neft hasil edir. Lakin Hörmüz boğazı vasitəsilə ixracın məhdudlaşması səbəbindən ölkənin alternativ boru kəmərləri ilə ixrac imkanları təxminən 1 milyon barel/gün səviyyəsi ilə məhdud qalır.

Enerji analitiklərinin hesablamalarına görə mövcud saxlama imkanları ilə Küveytin təxminən 12 gün ərzində anbarlarının tam dolması ehtimalı var. Bu isə hasilatın daha da azaldılmasına gətirib çıxara bilər.

Bölgədə digər istehsalçılar da oxşar problemlərlə üzləşir. Məlumata görə, İraq artıq neft hasilatını 50%-dən çox azaltmağa məcbur olub. Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinin də yaxın həftələrdə oxşar məhdudiyyətlərlə üzləşə biləcəyi ehtimal edilir.

Analitiklər xəbərdarlıq edir ki Hörmüzdə daşımaların uzun müddət dayanması halında təkcə İraq və Küveytdə 3,3–4,7 milyon barel/gün həcmində neft istehsalı dayanmaq riski ilə üzləşə bilər. Bu ssenaridə neft qiymətlərinin 150 dollar/barel səviyyəsinə qədər yüksəlməsi ehtimalı da müzakirə olunur.