Müharibənin sona çatması siqnalları ilə neft kəskin ucuzlaşıb

Müharibənin sona çatması siqnalları ilə neft kəskin ucuzlaşıb

portfel.az xəbər verir ki, ABŞ Prezidenti Donald Trumpın İran müharibəsinin yaxın zamanda başa çata biləcəyini deməsindən sonra qlobal neft qiymətləri kəskin şəkildə ucuzlaşıb.

Erkən Asiya ticarətində Brent crudeWTI crude qiymətləri 10%-dən çox geriləyib. Son günlərdə müharibə və enerji təchizatı ilə bağlı risklər səbəbindən kəskin dalğalanmalar yaşayan bazarda Trampın açıqlamaları yeni dalğalanma yaradıb.

Tramp mətbuat konfransında bildirib ki, ABŞ administrasiyası neft sanksiyalarının yumşaldılması imkanını nəzərdən keçirir və həmçinin Amerika Donanması tankerlərin Hormuz boğazından təhlükəsiz keçidinə yardım göstərə bilər.

Günün əvvəlində Brent markalı neft bir müddət 100 dollardan yuxarı səviyyədə ticarət olunsa da, daha sonra təxminən 90 dollar/barel səviyyəsinə qədər enib. Gün ərzində baş verən kəskin dalğalanmalar nəticəsində fyuçers kontraktları günün maksimum səviyyəsindən bağlanışa qədər təxminən 20 dollar ucuzlaşıb.

Bazar ertəsi gününün əvvəlində neft qiymətləri 120 dollar/barel səviyyəsinə yaxınlaşmışdı. Buna səbəb isə Fars körfəzindəki böyük istehsalçıların Hormuz boğazının faktiki bağlanması səbəbindən hasilatı azaltmaq məcburiyyətində qalması olmuşdu.

Lakin günün sonuna doğru dünyanın aparıcı iqtisadiyyatlarının strateji neft ehtiyatlarını bazara buraxa biləcəyi ilə bağlı xəbərlər qiymətlərin aşağı düşməsinə səbəb olub.

İnvestorlar ABŞ administrasiyasının enerji bazarlarını sabitləşdirmək üçün atdığı addımlara ehtiyatla yanaşsa da, son açıqlamalar Ağ evin müharibəni sona çatdırmaq istiqamətində diplomatik prosesə başlaya biləcəyinə işarə edir.

Tramp tanker təhlükəsizliyi və sanksiyaların mümkün ləğvi ilə bağlı detalları açıqlamasa da, bu mövzunu Vladimir Putin ilə telefon danışığında müzakirə etdiyini bildirib. Bundan əlavə, ABŞ administrasiyası ötən həftə Hindistanın Rusiya nefti idxalını müvəqqəti artırmasına icazə verərək əvvəlki təzyiqləri qismən yumşaldıb.