Neft qiymətləri qismən bahalaşıb

Neft qiymətləri qismən bahalaşıb

Neft qiymətləri çərşənbə günü baş verən kəskin enişdən sonra cümə axşamı qismən yüksəlib. ABŞ Prezidenti Donald Tramp İranla danışıqların “son mərhələyə” çatdığını açıqlayaraq bazarda nikbinlik yaradıb. Brent nefti çərşənbə günü 5,6 faiz ucuzlaşdıqdan sonra bir barel üçün 105 dollardan yuxarı qalxıb. ABŞ xam nefti (WTI) isə 99 dollar ətrafında alınıb-satılıb.

Tramp Vaşinqton ilə Tehran arasında, strateji əhəmiyyətli Hürmüz boğazı üzərindən enerji axınının qısa müddətdə bərpa olunmasına imkan verə biləcək razılaşma ümidlərini artırıb. Lakin danışıqların vəziyyəti ilə bağlı ziddiyyətli xəbərlər neft qiymətlərində dalğalanmalara səbəb olur. Qiymətlər fevral ayının sonunda başlayan müharibədən sonra hələ də 40 faizdən çox artım göstərib.

İnvestorlar İranın mühüm daşınma xəttini yenidən açması və Fars körfəzində gözləyən milyonlarla barel neftin bazara qayıtması ilə bağlı mümkün gərginliyin azalması ehtimalını qiymətləndirməyə davam edir. Rabobank-ın qlobal enerji strateqi mümkün sülh razılaşmasının neft qiymətlərini aşağı sala biləcəyini, lakin fiziki bazarların hələ də nizamsız olduğunu bildirib. Fars körfəzindən neftin təyinat məntəqəsinə çatmasının 55 günə qədər çəkə biləcəyi ifadə olunub.

Abu-Dabi Milli Neft Şirkətinin (ADNOC) baş icraçı direktoru bildirib ki, İran böhranı dərhal başa çatsa belə, Yaxın Şərq neft axınlarının tam bərpası 2027-ci ilə qədər uzana bilər. Hürmüz boğazının bağlanmasının tarixdəki ən ciddi təchizat kəsintisi olduğu vurğulanıb.

Son dövrdə Hörmüz boğazında keçidlərdə qismən artım müşahidə olunub. İran son 24 saatda 26 gəminin keçid etdiyini açıqlayıb. Lakin Tehran administrasiyası daha əvvəl də gəmi izləmə məlumatlarının göstərdiyindən yüksək rəqəmlər paylaşmışdı.

Tramp İran məsələsində “nələrin olacağını görəcəyik” deyərək razılaşmanın əldə oluna biləcəyini və ya “o qədər də xoş olmayan bəzi addımların” atıla biləcəyini xəbərdarlıq edib. İranın sülh şərtlərini qəbul etməməsi halında toqquşmaların yenidən başlaması ehtimalı gündəmdədir.