Prezident İlham Əliyev Azərbaycanın Avropa enerji bazarında mövqeyini gücləndirmək və qaz hasilatını artırmaq planlarını açıqlayıb

Prezident İlham Əliyev Azərbaycanın Avropa enerji bazarında mövqeyini gücləndirmək və qaz hasilatını artırmaq planlarını açıqlayıb

Maliyyə və investisiya xəbər portalı portfel.az xəbər verir ki, Prezident İlham Əliyev Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurasının 12-ci Nazirlər iclası və Yaşıl Enerji Məşvərət Şurasının 4-cü Nazirlər iclasında Azərbaycanın Avropanın enerji sektorunda mövqeyini genişləndirmək niyyətində olduğunu bəyan edib.

Prezident bildirib ki, Azərbaycan artıq iki əlavə Avropa ölkəsinə, Almaniya və Avstriyaya təbii qaz tədarükünə başlayıb. Bununla da Azərbaycan qazı alan Avropa İttifaqı üzvü ölkələrinin sayı 10-a çatıb.

“Biz Avropa enerji bazarında mövcudluğumuzu artırmaq istəyirik” deyə dövlət başçısı vurğulayıb və son dövrdə bu istiqamətdə mühüm irəliləyiş əldə olunduğunu qeyd edib.

Gələcək planlara toxunan Prezident İlham Əliyev yeni qaz yataqlarından hasilatın artımı ilə bağlı potensialın mövcud olduğunu diqqətə çatdırıb. “Yaxın illərdə Azərbaycan yataqlarından qazın yeni hasilatı ilə bağlı istehsalı artıra bilərik” deyə o bildirib.

Prezident bu açıqlama ilə Avropada enerji mənbələrinin şaxələndirilməsi prosesinin davam etdiyi bir vaxtda Azərbaycanın artan tələbi qarşılamaq imkanlarına inamını ifadə edib.