Rusiya dizel yanacağı ixracını qadağan edib
Rusiya Baş nazirinin müavini Aleksandr Novak daxili bazarda yanacaq təklifini artırmaq məqsədilə dizel yanacağı ixracının qadağan edildiyini açıqlayıb. Novak yanacağa tələbin ötən ilin eyni dövrü ilə müqayisədə 30 faiz artdığını bildirib. Onun sözlərinə görə, bu vəziyyət yanacaqdoldurma məntəqələri üzərində yükü və yanacaq doldurma müddətlərini artırıb.
Daxili bazarda çətinliklərin davam etdiyini bildirən Novak istehsal həcmlərində məcburi azalma səbəbindən yanacaq daşınması marşrutlarının dəyişdiyini deyib. O qeyd edib ki, bazarda sabitliyi təmin etmək üçün neft emalı zavodlarında güclərdən istifadə maksimum səviyyəyə çatdırılıb. Həmçinin anbarlardakı yanacaq bazara yönəldilib, təmir müddətləri qısaldılıb və bəzi planlı texniki xidmət işləri daha sonrakı tarixlərə təxirə salınıb.
Yanacaq bazarında sabitliyi qorumaq məqsədilə Rusiya hökuməti vaxtaşırı satış və ixrac məhdudiyyətlərinə əl atır. Ölkədə Moskva və Sankt-Peterburq daxil olmaqla təxminən 40 regionda yanacaq satışı ilə bağlı məhdudiyyətlər tətbiq olunur.
Yanacaq təklifindəki çətinliklərin əsas səbəblərindən biri kimi Ukraynanın pilotsuz uçuş aparatları ilə Rusiyadakı neft emalı zavodlarına hücumları nəticəsində bir çox obyektin texniki xidmətə dayandırılması göstərilir.