Səudiyyə Ərəbistanı neft hasilatını azaltmağa başlayıb

Səudiyyə Ərəbistanı neft hasilatını azaltmağa başlayıb

İran müharibəsi fonunda Səudiyyə Ərəbistanı neft hasilatını azaltmağa başlayıb. Ölkənin dövlət enerji şirkəti Saudi Aramco ixracın çətinləşməsi və anbarların dolması səbəbindən iki neft yatağında istehsalı məhdudlaşdırıb.

Hazırda Hörmüz ətrafında yaranan blokada səbəbindən Körfəz ölkələrindən neft ixracı ciddi şəkildə ləngiyib. Bu isə regionda saxlanma tutumlarının sürətlə dolmasına gətirib çıxarıb.

Səudiyyə Ərəbistanı ixracın bir hissəsini Yanbu limanı vasitəsilə Qırmızı dəniz üzərindən yönləndirməyə çalışsa da, mövcud boru kəməri infrastrukturu bütün həcmləri daşımaq üçün kifayət etmir. Məlumata görə, bu marşrut üzrə boru kəmərlərinin ümumi ötürmə qabiliyyəti təxminən 5 milyon barel/gün təşkil edir, halbuki normal şəraitdə Hormuz boğazından keçən Səudiyyə neftinin həcmi 6 milyon bareldən çox olur.

Neft bazarında isə qiymətlər sürətlə yüksəlir. Qlobal benchmark olan Brent crude qiyməti təxminən 119 dollar/barel səviyyəsinə çataraq 2022-ci ildən bəri ən yüksək göstəricilərdən birinə yüksəlib.

Buna paralel olaraq International Energy Agency (IEA) və G7 ölkələrinin enerji nazirləri bazarda yaranan kəskin təchizat risklərini azaltmaq üçün strateji neft ehtiyatlarının bazara buraxılması imkanını müzakirə edir.

IEA-nın məlumatına görə üzv ölkələrin dövlət nəzarətində olan strateji ehtiyatları təxminən 1,2 milyard barel, sənaye sektorunun əlavə ehtiyatları isə 600 milyon barel təşkil edir. Bu ehtiyatların bir hissəsinin bazara buraxılması ilə bağlı qərarın yaxın günlərdə qəbul edilə biləcəyi bildirilir.

Qeyd edək ki, münaqişə başlayandan bəri təxminən 200 milyon barel həcmində neft tədarükü bazardan çıxıb. Ekspertlər xəbərdarlıq edirlər ki, Hörmüz boğazından keçən qlobal neft və LNG axınının təxminən 20%-i risk altındadır və bu vəziyyət davam edərsə dünya iqtisadiyyatında inflyasiya və stagflasiya riskləri daha da arta bilər.