TANAP 2026-da iqlim dayanıqlılığına fokuslanacaq
Xarici mənbələrə istinadən portfel.az xəbər verir ki, TANAP-ın dayanıqlılıq strategiyasında 2026-cı ildə iqlimə uyğunlaşma və dayanıqlılıq təşəbbüsləri prioritet istiqamət olacaq. Bu barədə layihənin baş direktoru Saltuk Düzyol Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurasının 12-ci Nazirlər iclası və Yaşıl Enerji Məşvərət Şurasının 4-cü Nazirlər iclasında çıxışı zamanı bildirib.
Saltuk Düzyol qeyd edib ki, TANAP marşrutu boyunca ekoloji monitorinq davamlı şəkildə həyata keçirilir. Son tədqiqatlar nəticəsində iki yeni növ aşkar edilib və 2025-ci ilin sonunadək ümumilikdə 16 yeni flora və fauna növünün müəyyənləşdirildiyi bildirilib.
Onun sözlərinə görə TANAP obyektləri Türkiyənin Ətraf Mühit üzrə səlahiyyətli qurumları tərəfindən aparılan auditlərdən uyğunsuzluq olmadan keçib. Tullantı suları və emissiyalar müəyyən olunmuş normativ tələblərə cavab verir.
2024-cü il üzrə istixana qazı emissiyaları Türkiyənin Energetika və Ətraf Mühit nazirlikləri tərəfindən yoxlanılıb və təsdiqlənib. Göstəricilərin 2024-cü il hədəflərinə uyğun olduğu qeyd olunub.
Eyni zamanda, 84 milyon dollar həcmində sosial investisiya proqramı SROI (Social Return on Investment) metodologiyası ilə təhlil edilib. 20 Türkiyə vilayətində həyata keçirilən 102 layihə üzrə sosial gəlir əmsalı 4,77 dəfə təşkil edib. Ən yüksək nəticələr məktəblər və ictimai məkanlarla bağlı layihələrdə qeydə alınıb.
TANAP rəhbərliyi bildirib ki, iqlim dəyişikliyi ilə bağlı risklərin idarə olunması və infrastrukturun dayanıqlığının artırılması qarşıdakı dövrdə əsas strateji istiqamətlərdən biri olacaq.
Teqlər: