ƏMAS-da yeni funksionallıq yaradılıb

ƏMAS-da yeni funksionallıq yaradılıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi “Əmək və Məşğulluq” altsistemi (ƏMAS) çərçivəsində kvota üzrə iş yerlərinin idarə olunması üçün yeni funksionallıq təqdim etdi. Bu yenilik sayəsində sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslər (əlilliyi olan şəxslər, şəhid ailəsinin üzvləri, 20 yaşadək gənclər, bir və ya daha çox uşağını təkbaşına böyüdən, 5 və daha çox uşağı olan, habelə əlilliyi olan uşaqları tərbiyə edən valideynlər və s.) barədə məlumatlar ƏMAS-a inteqrasiya edilib.​

İşəgötürənlər artıq şəxsi kabinetlərindən kvota ilə bağlı bütün məlumatları real vaxt rejimində izləyə, kvota üzrə iş yerləri üzrə prosesi daha operativ idarə edə biləcəklər. E-sistem vasitəsilə müəssisələrin kvota ilə ayrılmış iş yerlərinin sayını, icra vəziyyətini və cari kvota üzrə öhdəlikləri barədə tam məlumat əldə etmək mümkündür. Eyni zamanda, kvota iş yerlərinə müraciət edən şəxslər barədə operativ məlumatlar alınır və sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslərin kateqoriyasına uyğunluğu avtomatik təsdiqlənir.​

Kvota üzrə iş yerlərinin icrası ilə bağlı planlaşdırma, hesabatlılıq və idarəetmə prosesləri də bu yeni funksionallıq sayəsində daha səmərəli həyata keçiriləcək. Bu təkmilləşdirmə kvota öhdəlikləri ilə bağlı müəssisədaxili məlumatlılığın artırılmasına və sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslərin məşğulluq imkanlarının genişlənməsinə əhəmiyyətli töhfə verəcək.

Teqlər: