Afrikanın enerji gücü qlobal masada yeni mərhələyə keçdi
İstinad edilən indekslər:
Nigeriya Beynəlxalq Enerji Agentliyinə (BEA) “tərəfdaş ölkə” statusunda qoşulub. BEA İdarə Heyəti Nigeriyanın quruma qoşulmasını yekdilliklə qəbul edib. 240 milyondan çox əhalisi ilə Afrikanın ən böyük iqtisadiyyatlarından biri olan Nigeriya mühüm neft və qaz istehsalçısıdır. Ölkə eyni zamanda qitədə sürətlə böyüyən bərpa olunan enerji bazarı kimi önə çıxır. Enerji sektorundakı çətinliklərə baxmayaraq, Nigeriyanın beynəlxalq enerji bazarlarındakı rolu güclənir.
Açıqlamada Nigeriyanın son dövrdə artan yanacaq ixracının Afrika və beynəlxalq yanacaq bazarlarının dayanıqlığını artırdığı vurğulanıb. Həmçinin Nigeriyanın paylanmış günəş enerjisi həlləri üzrə dünyada ən sürətlə böyüyən bazarlardan biri olduğu bildirilib. Ölkənin elektrik enerjisinə çıxışı və təmiz bişirmə imkanlarını genişləndirmək istiqamətində işlərini davam etdirdiyi qeyd edilib.
BEA prezidenti Fatih Birol Nigeriyanın qoşulmasını qlobal enerji idarəçiliyi baxımından mühüm inkişaf kimi qiymətləndirib. O, Nigeriya Prezidenti Bola Ahmed Tinubuya və Neft Resursları üzrə dövlət naziri Ekperikpe Ekpoya təşəkkür edib. Birol bildirib ki, Nigeriyanın enerji təchizatı təhlükəsizliyini gücləndirmək, iqtisadi artımı dəstəkləmək və enerjiyə çıxışı artırmaq hədəfləri çərçivəsində BEA ilə əməkdaşlıq hər iki tərəf üçün faydalı olacaq.
Nazir Ekpo isə Nigeriyanın BEA-ya tərəfdaş ölkə kimi qəbul edilməsindən məmnunluğunu ifadə edib. O, bu qoşulmanın Afrika qitəsində universal enerji çıxışı və sənayeləşmə hədəflərinə çatmaq üçün mühüm addım olduğunu bildirib. BEA qlobal enerji tələbatının 80 faizindən çoxunu təmsil edir.