Asiya İnkişaf Bankı Türkiyəyə 175 milyon krediti ayırıb
Asiya İnkişaf Bankı (ADB) Türkiyənin 2053 net sıfır emissiya hədəflərinə töhfə vermək məqsədilə İller Bankasına 175,48 milyon dollar kredit ayrılmasını təsdiqləyib. Bu maliyyə vəsaiti bələdiyyələrin bərpa olunan enerji investisiyalarını dəstəkləmək üçün istifadə olunacaq.
Kredit böyükşəhər, vilayət və rayon bələdiyyələrinin transformator mərkəzləri, açar qurğuları, paylayıcı sahələr və birləşdirici yollar daxil olmaqla, günəş və külək enerjisi infrastrukturu ilə obyektlərinin tikintisinə yönələn layihələri maliyyələşdirəcək. Proqram bələdiyyə binalarının karbon emissiyalarını azaltmağı, enerji xərclərini aşağı salaraq digər xidmətlərə resurs yönəldilməsini təmin etməyi, enerji dayanıqlığını və təhlükəsizliyini artırmağı hədəfləyir.
Bundan əlavə, proqram bələdiyyələrin və yerli kommunal xidmət qurumlarının bərpa olunan enerji layihələrində institusional imkanlarını gücləndirəcək. Türkiyədə bələdiyyələrdə elektrik istehlakı və istixana qazı emissiyalarının təxminən 30 faizi bələdiyyə binaları və infrastruktur xidmətlərindən qaynaqlanır. Bərpa olunan enerjidən istifadə ilə bu göstəricilər azaldıla və bələdiyyələrin illik büdcə qənaəti təmin edilə bilər.
Təsdiqlənən kredit İller Bankasının təmin edəcəyi 43 milyon dollar həcmində birgə maliyyələşdirmə ilə birlikdə ölkə üzrə bərpa olunan enerji qurğularının sürətləndirilməsinə, enerji ötürülməsi və paylanması şəbəkələrindəki yükün azaldılmasına töhfə verəcək.
Asiya İnkişaf Bankının Mərkəzi və Qərbi Asiya üzrə baş direktoru Leah Gutierrez bələdiyyə səviyyəsində bərpa olunan enerji istehsalının genişlənməsinin Türkiyənin uzunmüddətli enerji dayanıqlığı və net sıfır emissiya hədəfləri baxımından böyük əhəmiyyət daşıdığını bildirib. O, bu proqramın təmiz enerjidən istifadəni artıraraq Türkiyə xalqının həyat keyfiyyətini yüksəldəcəyini ifadə edib.