Aviaşirkət səhmlərində eniş zəifləyib

Aviaşirkət səhmlərində eniş zəifləyib

4 mart 2026-cı il tarixində bəzi repatriasiya uçuşlarının BƏƏ-nin Dubay və Əbu-Dabi kimi əsas hava limanlarından həyata keçirilməyə başlaması aviaşirkət səhmlərindəki kəskin enişi qismən zəiflədib.

Britaniyanın IAG (British Airways-in sahibi) şirkətinin səhmləri əvvəlki gün təxminən 11% düşdükdən sonra 2% artım göstərib.

Lufthansa səhmlərində də eniş tempinin zəiflədiyi müşahidə olunub.

Asiya bazarında isə eniş davam edib. Korean Air səhmləri 7,9% azalıb. Bu, əvvəlki sessiyada qeydə alınan 10,3%-lik enişdən sonra baş verib.

Çinin iri aviaşirkətləri Air ChinaChina Southern səhmləri isə 1-3% aralığında geriləyib.

Bəzi ölkələr vətəndaşlarının regiondan çıxarılması üçün xüsusi uçuşlar təşkil etməyə başlayıb. Böyük Britaniya və Fransa hökumətləri repatriasiya reyslərinin həyata keçirildiyini açıqlayıb.

Birləşmiş Ərəb Əmirlikləri də xarici vətəndaşların ölkədən çıxması üçün məhdud hava dəhlizləri açıb.

Buna baxmayaraq dünyanın ən böyük beynəlxalq sərnişin qovşaqlarından biri olan Dubay beynəlxalq hava limanı artıq beşinci gündür ki, bağlı qalır. Region üzrə ümumilikdə 11 mindən çox uçuş ləğv edilib.

Hazırda İran və İraq üzərində hava məkanı demək olar ki, tam boş qalıb. Aviaşirkətlər alternativ marşrutlardan istifadə etdiyinə görə uçuş məsafəsi və yanacaq xərcləri artır.

Ekipajların müxtəlif ölkələrdə qalması və marşrutların dəyişdirilməsi də əməliyyat xərclərini yüksəldir. Münaqişənin uzun çəkəcəyi təqdirdə aviasiya sektorunda gəlirlilik ciddi təzyiq altında qala bilər.