Avropa İttifaqı investisiyalara nəzarəti artırır

Avropa İttifaqı investisiyalara nəzarəti artırır

Avropa Parlamenti Avropa İttifaqına üzv ölkələrdə müdafiə, maliyyə xidmətləri, yarımkeçiricilər, Sİ və kritik xammal kimi strateji sektorlarda xarici investisiyalara nəzarəti artıracaq yeni tənzimləməni qəbul edib. Qaydalar bu sektorlarda xarici investisiya təşəbbüslərinin məcburi yoxlamadan keçirilməsini, mümkün təhlükəsizlik və ya ictimai asayiş risklərinin müəyyən edilərək aradan qaldırılmasını nəzərdə tutur. Milli yoxlama qurumları ilə Avropa İttifaqı Komissiyası arasında əməkdaşlıq gücləndiriləcək və sərhədyanı risklərə qarşı koordinasiya təmin olunacaq. Həqiqi sahibi və ya nəzarət edən tərəfi Avropa İttifaqından kənardakı şəxs, şirkət və ya dövlət olan əməliyyatlar da yoxlamaya daxil ediləcək. Yeni tənzimləmənin Avropa İttifaqı Şurasının təsdiqindən sonra 18 ay ərzində qüvvəyə minəcəyi gözlənilir.

Avropa İttifaqı xüsusilə Çin kimi xarici aktorların limanlar, enerji infrastrukturu, çip texnologiyaları və kritik xammal sahələrində təsirinin artmasından narahatdır. Kovid-19 pandemiyası, Rusiya-Ukrayna müharibəsi və artan geosiyasi gərginliklər Avropanın xarici asılılığının təhlükəsizlik riskini artıra biləcəyini ortaya qoyub.

Bundan başqa, Avropa Parlamenti Avropa İttifaqının polad sektorunu qorumağa yönəlmiş yeni tədbirləri də təsdiqləyib. Buna əsasən, Avropa İttifaqının rüsumsuz polad idxalı illik 18,3 milyon tonla məhdudlaşdırılacaq, rüsumsuz idxal kvotaları 2024-cü illə müqayisədə 47 faiz azaldılacaq və kvotadan kənar gömrük rüsumu 50 faizə qaldırılacaq. Ölkə kvotalarında Ukraynanın xüsusi təhlükəsizlik vəziyyəti nəzərə alınacaq. Poladın mənşəyi “əridilmə və tökülmə” qaydasına əsasən müəyyən ediləcək. Bu tənzimləmə 30 iyun 2026-cı ildə başa çatacaq mövcud qaydaları əvəz edəcək.

Polad sektoru müdafiə və digər strateji sahələrdə əsas məhsul kimi böyük əhəmiyyət daşıyır. Sektor Avropa İttifaqında 20-dən çox ölkədə təxminən 300 min nəfərə birbaşa, 2,5 milyon nəfərə isə dolayı məşğulluq təmin edir. Avropa İttifaqının polad istehsalçıları artan idxal və ABŞ-ın 50 faizlik gömrük rüsumları səbəbindən istehsal gücündən istifadə göstəricilərini artırmağı hədəfləyirlər. Yeni tədbirlərlə istehsal gücündən istifadə səviyyəsinin 80 faizə yüksəldilməsi məqsəd qoyulur.