Avropa Mərkəzi Bankı xəbərdarlıq edir!
Avropa Mərkəzi Bankı: Avrozonada maliyyə sabitliyi riskləri yüksək olaraq qalır
Avropa Mərkəzi Bankı avrozonada maliyyə sabitliyi ilə bağlı risklərin hələ də yüksək səviyyədə qaldığını açıqlayıb. Bankın 26 noyabr 2025-ci ildə dərc etdiyi yarıillik Maliyyə Sabitliyi Hesabatında bildirilir ki, aktiv bazarlarında qiymətləndirmələrin həddindən artıq yüksəlməsi, bazar konsentrasiyasının artması və bir sıra ölkələrdə fiskal vəziyyətin zəifləməsi maliyyə sistemini potensial şoklara qarşı daha həssas edir. Qurumun vurğuladığına görə, xüsusilə ABŞ-ın iri texnologiya şirkətlərinə yönəlmiş yüksək investisiya axınları və süni intellekt sektoruna dair optimizmin şişirdilməsi qiymətlərin sabitliyini zəiflədən əsas amillərdəndir.
Hesabatda qeyd olunur ki, qlobal səhmlər yeni tarixi zirvələrə çatsa da, avrozonasında qiymətlər fundamental amillərdən uzaqlaşaraq tarixi göstəricilərlə müqayisədə daha yüksək səviyyələrdə formalaşıb. Bu, investor əhvalının dəyişməsi halında kəskin korreksiya ehtimalını artırır. Avropa Mərkəzi Bankı xüsusilə qeyri-bank maliyyə vasitəçilərində likvidlik uyğunsuzluqlarının, hedge fondlarda yüksək leverage dərəcələrinin və özəl bazarlarda şəffaflıq çatışmazlığının artması fonunda bazar təzyiqlərinin daha böyük həcmdə yayılacağı barədə xəbərdarlıq edir. Bank hesab edir ki, bazarlarda sərt enişlər yaranacağı təqdirdə maliyyə aktivlərinin sürətlə satılması “fire sale” effekti yarada və bu proses zəncirvari şəkildə bütün maliyyə sisteminə ötürülə bilər.
Avropa Mərkəzi Bankının digər diqqət çəkdiyi məqam bəzi avrozonası ölkələrində fiskal dayanıqlılığın zəifləməsidir. Hesabatda bildirilir ki, yaşlanan əhali, iqlim keçidi xərcləri, həmçinin müdafiə büdcələrinin artması fonunda dövlət maliyyəsi üzərində təzyiqlər artır. Yüksək borclu ölkələrdə gələcək illər üçün proqnozlaşdırılan mənfi fiskal balanslar və istiqraz emissiyalarının genişlənməsi nəticəsində dövlət istiqrazlarının gəlirlik əyrilərində dikləşmə müşahidə olunur. Qurum hesab edir ki, fiskal intizamda baş verə biləcək hər hansı zəifləmə və ya ABŞ-da yarana biləcək iqtisadi şoklar suveren istiqraz bazarlarında stressi artıraraq şirkətlərin maliyyə cəlb etmə xərclərini yüksəldə bilər.
Hesabatda avrozonası bank sektorunun hazırkı vəziyyətinə də toxunulur. Bankların yüksək mənfəətliliyi, güclü kapital və likvidlik tamponları, həmçinin problemli kreditlərin tarixi minimum səviyyəyə enməsi sektorun möhkəm dayanmasını təmin edir. Bununla belə, istehsal və ixrac yönümlü şirkətlərin tarif risklərinə məruz qalması, kiçik və orta biznes seqmentində artan maliyyə çətinlikləri və istehlak kreditlərində yüksələn defolt səviyyələri bankların gələcək risklərini genişləndirə bilər. Avropa Mərkəzi Bankı onu da vurğulayır ki, bankların qeyri-bank sektoru ilə qarşılıqlı maliyyələşmə əlaqələrinin artması likvidlik qaçışlarının yaratdığı riskləri gücləndirir. ABŞ bazarlarına çıxışın genişlənməsi və özəl kredit bazarlarına daha böyük yönəlmə isə şəffaflıq baxımından əlavə narahatlıq yaradır.
Makroiqtisadi mənzərəyə nəzər salan Avropa Mərkəzi Bankı bildirir ki, 2025-ci ildə ABŞ və Avropa İttifaqı arasında əldə olunan ticarət razılaşmaları qeyri-müəyyənliyi müəyyən qədər azaltsa da, bəzi risklər hələ də qalır. Avronun möhkəmlənməsi, Çinlə rəqabətin güclənməsi və ev təsərrüfatlarının ehtiyatlı istehlak davranışı iqtisadi aktivliyi məhdudlaşdıran amillər kimi göstərilir. Qurum hesab edir ki, ABŞ-da yarana biləcək mümkün fiskal gərginlik və ya ABŞ Xəzinədarlıq kağızları bazarında oynaq davranış qlobal kapital axınlarına təsir göstərərək avrozonada risk primiyalarını artırmağa səbəb ola bilər.
Avropa Mərkəzi Bankı 2026-cı ilə yaxınlaşdıqca həm maliyyə bazarlarının, həm də fiskal mühitin diqqətlə izlənməsinin vacibliyini vurğulayır. Bank makroprudensial orqanları kapital tamponlarının qorunmasını, borcalanlara yönəlik ehtiyat tədbirlərinin davam etdirilməsini və qeyri-bank maliyyə sektorunda nəzarət mexanizmlərinin genişləndirilməsini tövsiyə edir. Qurumun fikrincə, bir neçə riskin eyni vaxtda reallaşması – məsələn, aktiv qiymətlərində kəskin düşüş və suveren borc bazarlarında gərginliyin artması – avrozonada maliyyə sabitliyi üçün ciddi təhdid yarada bilər. Buna görə də bank hesab edir ki, 2026-cı ilə doğru həm investorlardan, həm də tənzimləyici qurumlardan daha yüksək diqqət və ayıqlıq tələb ediləcək.