Avrozonada staqflyasiya riski artır
Avrozonada iqtisadiyyat üzrə “staqflyasiya”, yəni eyni zamanda zəif artım və yüksək inflyasiya riski sürətlə artır.
İqtisadi artım demək olar dayanıb
Mart ayı üzrə ilkin PMI göstəricilərinə əsasən Avrozonada Kompozit PMI 49,3 səviyyəsinə düşüb. Bu, 2023-cü ilin noyabrından bəri ən aşağı göstəricidir və iqtisadi aktivliyin daraldığını göstərir.
Xidmət sektoru 50,3 səviyyəsində qalaraq zəif artımı qorusa da, sənaye sektoru 45,2 ilə ciddi geriləmə nümayiş etdirib və son 21 ayın minimumuna enib.
Enerji şoku inflyasiyanı artırır
ABŞ-İran müharibəsi və Hörmüz boğazındakı gərginlik nəticəsində enerji qiymətləri kəskin artıb. Neft 100 dollardan yuxarı qalmaqda davam edir və fevralın sonundan bəri təxminən 40% bahalaşıb.
Bu, xüsusilə enerji idxalından asılı olan Avropa üçün ciddi təzyiq yaradır.
Nəticədə giriş xərcləri (input prices) son 16 ayın ən yüksək səviyyəsinə çatıb. Çıxış qiymətləri (output prices) isə 54,2-yə yüksələrək inflyasiya təzyiqlərinin gücləndiyini göstərir
Staqflyasiya riski artır
Mütəxəssislər xəbərdarlıq edir ki, enerji qiymətlərində artım iqtisadi artımı zəiflədir, eyni zamanda inflyasiyanı yüksəldir. Bu, isə klassik staqflyasiya ssenarisidir.
Deutsche Bank-ın hesablamalarına görə ÜDM artımı 0,7 faiz bəndi aşağı düşə bilər. İnflyasiya isə proqnozlardan 1 faiz bəndi yuxarı ola bilər
Avropa Mərkəzi Bankı çətin seçim qarşısında
Avropa Mərkəzi Bankı üçün vəziyyət daha da mürəkkəbləşir. Bir tərəfdən iqtisadiyyat zəifləyir və faiz endirimləri tələb olunur, digər tərəfdən isə inflyasiya artır və bu, əksinə faiz artımını zəruri edə bilər.
Əgər enerji şoku davam edərsə, faizlərin 2,5%-ə qədər artırılması ehtimalı belə gündəmə gələ bilər.
Qlobal təsirlər
Bu tendensiya yalnız Avropa ilə məhdudlaşmır. Enerji şoku Böyük Britaniya və Avropada iqtisadi artım proqnozlarını aşağı salır, Çində istehsal qiymətlərinə təzyiq yaradır, qlobal iqtisadiyyatda isə qeyri-müəyyənliyi artırmağa davam edir.
Teqlər: