Azərbaycanın Dövlət Neft Fondu Körfəz ölkələri ilə investisiya tərəfdaşlığını gücləndirir

Azərbaycanın Dövlət Neft Fondu Körfəz ölkələri ilə investisiya tərəfdaşlığını gücləndirir

Azərbaycan Respublikasının Dövlət Neft Fondu (SOFAZ) Bəhreyn və Küveytlə beynəlxalq tərəfdaşlıqların genişləndirilməsi və qarşılıqlı investisiya imkanlarının dəyərləndirilməsi məqsədilə bir sıra yüksək səviyyəli görüşlər keçirib. Fondun icraçı direktoru İsrafil Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti hər iki ölkədə suveren fondların rəhbərləri, dövlət qurumları və aparıcı özəl sektor nümayəndələri ilə əlaqələrin dərinləşdirilməsinə fokuslanıb.

Bəhreyn Krallığında nümayəndə heyəti ölkənin suveren investisiya fondu olan “Mumtalakat”ın baş icraçı direktoru Şeyx Abdulla bin Xəlifə Al Xəlifə ilə görüşüb. Tərəflər qlobal investisiya mühitində mövcud tendensiyalar, portfelin şaxələndirilməsi və qarşılıqlı maraq kəsb edən yeni bazarlara çıxış imkanları barədə fikir mübadiləsi aparıblar.

SOFAZ nümayəndələri, həmçinin, Bəhreynin maliyyə və milli iqtisadiyyat naziri Şeyx Salman bin Xəlifə Al Xəlifə ilə danışıqlar aparıblar. Görüş zamanı iki ölkə arasında iqtisadi əməkdaşlıq potensialı, suveren sərvət fondlarının rolunun gücləndirilməsi və regional investisiya axınlarının genişləndirilməsi məsələlərinə xüsusi diqqət yetirilib.

Bəhreyndə səfər çərçivəsində nümayəndə heyəti Bəhreyn İqtisadi İnkişaf Şurasının baş icraçı direktoru və dayanıqlı inkişaf naziri Nur bint Əli Əlxulaif ilə də görüşüb. Tərəflər rəqəmsal iqtisadiyyat, dayanıqlı maliyyə yanaşmaları və innovativ investisiya təşəbbüsləri barədə müzakirələr aparıblar. Nümayəndə heyəti, eyni zamanda, Bəhreynin dövlət daşınmaz əmlak şirkəti “Edamah”ın baş icraçı direktoru Xalid Əbdürrəhman Əl Macid, “Premier Group”un rəhbərliyi və “Bapco Energies”in baş icraçı direktoru Mark Tomasla bir sıra potensial layihələr üzrə əməkdaşlıq imkanlarını nəzərdən keçirib.

Küveyt Dövlətinə səfər proqramı çərçivəsində Azərbaycan nümayəndə heyəti Küveyt İnvestisiya Təşkilatının (suveren sərvət fondu) baş icraçı direktoru Şeyx Saud Salem Əbdüləziz Əl Sabah və İctimai Sosial Təminat Təşkilatının (PIFSS) rəhbərliyi ilə görüş keçirib. Görüşlərdə qlobal kapitalın idarə olunması, institusional tərəfdaşlıqların genişləndirilməsi, regional investisiya meyilləri və uzunmüddətli investisiya strategiyaları müzakirə olunub.

Nümayəndə heyəti, həmçinin, Küveytin Birbaşa İnvestisiyaların Təşviqi İdarəsinin (KDIPA) baş direktoru Müşəl Cabir Əl-Əhməd Əl Sabah ilə görüşüb. Tərəflər investisiyaların təşviqi, biznes mühitinin yaxşılaşdırılması və qarşılıqlı iqtisadi əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparıblar. Bundan əlavə, nümayəndə heyəti bir sıra özəl sektor nümayəndələri ilə regional bazarlarda mövcud tendensiyalar və əməkdaşlıq üçün perspektiv istiqamətlər barəsində müzakirələr aparıb.

Teqlər: