Azərbaycanda 2026-cı ildən etibarən vergi inzibatçılığı daha sadə və şəffaf olacaq
Azərbaycanda sahibkarlar üçün daha əlverişli biznes mühitin yaradılması və vergi inzibatçılığının sadələşdirilməsi, ölkənin vergi siyasətinin əsas prioritetləri arasında yer alır. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti xəbər verir ki, bu istiqamətdə aparılan islahatlar çərçivəsində 2026-cı ildən etibarən vergi nəzarətində beynəlxalq təcrübədə geniş tətbiq olunan üfüqi monitorinq mexanizminin tətbiqi və paralel olaraq elektron audit tədbirinin ləğvi nəzərdə tutulur.
Yeni yanaşma, orta və iri vergi ödəyiciləri ilə vergi orqanları arasında şəffaf və qarşılıqlı etimada əsaslanan əməkdaşlıq mexanizminin qurulmasına imkan yaradacaq. Bu, vergi ödəyicilərinin hüquqlarının daha geniş təmin olunmasını hədəfləyir.
Üfüqi monitorinq modelinin tətbiqi üçün vergi ödəyicisinin orta və ya iri sahibkar statusuna malik olması, avtomatlaşdırılmış uçot sistemindən istifadə etməsi və daxili nəzarət sisteminin qurulması əsas şərtlərdir. Bu model çərçivəsində vergi ödəyicisinin əsas öhdəliklərinə vergi risklərinin əvvəlcədən vergi orqanına açıqlanması, daxili nəzarət və hesabatlılıq mexanizmlərinin təmin edilməsi daxildir.
Nəzarət və məsuliyyət mexanizmləri ilə bağlı olaraq, üfüqi monitorinq iştirakçıları üzrə səyyar vergi yoxlamalarının aparılması yalnız istisna hallarda mümkün olacaq. Vergi ödəyicisi tərəfindən risklər əvvəlcədən açıqlanarsa, maliyyə sanksiyası tətbiq edilməyəcək. Açıqlanmayan risklərin vergi orqanı tərəfindən aşkar edilməsi hallarında isə 25 faiz məbləğində maliyyə sanksiyasının tətbiqi nəzərdə tutulur.
Yeni model vergi ödəyiciləri üçün bir sıra üstünlüklər yaradacaq. Vergi yoxlamalarının sayının azalması inzibati yükün yüngülləşməsinə, əvvəlcədən məsləhətləşmə mexanizmi vasitəsilə vergi risklərinin minimuma endirilməsinə imkan verəcək. Eyni zamanda, vergi orqanları ilə qarşılıqlı etimadın möhkəmlənməsi, şəffaflığın artması, sahibkarların maliyyə intizamının və korporativ idarəetmə səviyyəsinin yüksəlməsi gözlənilir. Üfüqi monitorinq iştirakçılarına əsas vəsaitlər üzrə amortizasiyanın azalan qalıq və ya düz xətt metodu ilə hesablanması seçiminin verilməsi nəzərdə tutulur.
Görülən tədbirlər nəticəsində vergi intizamının yüksəlməsi, vergi inzibatçılığının səmərəliliyinin artması, uzunmüddətli dövrdə büdcə gəlirlərinin daha sabit və dayanıqlı formalaşması, eləcə də vergi ödəyiciləri ilə dövlət arasında etimada əsaslanan müasir vergi idarəetmə modelinin formalaşması gözlənilir.