Fitch-dən Türkiyə iqtisadiyyatı ilə bağlı dəyərləndirmə
portfel.az xəbər verir ki, beynəlxalq kredit reytinqi agentliyi Fitch Ratings-in Türkiyə üzrə məsul olan Ölkə Reytinqi üzrə Baş Direktoru Douglas Winslow Türkiyənin maliyyə göstəricilərində yaxşılaşma müşahidə edildiyini bildirib. O, valyuta ehtiyatlarının həm həcmi, həm də keyfiyyəti baxımından gücləndiyini, xarici həssaslıqların isə azaldığını qeyd edib.
Winslow bu fikirləri Fitch Ratings tərəfindən onlayn formatda təşkil olunmuş paneldə səsləndirib. Paneldə 2026-cı ildə Türkiyənin ölkə reytinqinə və bankların kredit reytinqlərinə təsir göstərə biləcək amillər müzakirə olunub.
O xatırladıb ki, Fitch Ratings 24 yanvar tarixində Türkiyənin kredit reytinqini “BB-” səviyyəsində təsdiqləyib və reytinq görünüşünü “durağan”dan “pozitiv”ə yüksəldib. Winslow bildirib ki, bu qərarın əsas səbəbi böyük ölçüdə valyuta ehtiyatlarında gözlənilən artım fonunda xarici həssaslıqların azalması ilə bağlı olub. Onun sözlərinə görə, 2024-cü ilin sentyabrında Türkiyənin reytinqi artırıldıqdan sonra ehtiyatların keyfiyyəti yaxşılaşıb, valyuta məzənnəsinə bağlı öhdəliklərdə isə azalma qeydə alınıb.
Winslow Türkiyədə sərt makroiqtisadi siyasətin davam etdiyini və yumşalma riskinin aşağı səviyyədə qaldığını vurğulayıb. O qeyd edib ki, reytinq görünüşündəki dəyişiklik ölkənin maliyyə performansında müşahidə olunan müəyyən irəliləyişləri əks etdirib.
Onun fikrincə, Türkiyənin böyük və şaxələndirilmiş iqtisadiyyata malik olması, dövlət borcunun aşağı səviyyədə qalması, stres dövrlərində xarici maliyyə resurslarına çıxışı qorumaq üzrə keçmiş təcrübəsi və dayanıqlı bank sektorunun mövcudluğu kredit reytinqini dəstəkləyən əsas amillər sırasında qalır.
Winslow Türkiyənin valyuta ehtiyatlarında müsbət mənzərə formalaşdığını da bildirib. O deyib ki, 2023-cü ildə təxminən 100 milyard dollar səviyyəsində olan ümumi valyuta ehtiyatları hazırda 220 milyard dollara yaxınlaşıb və eyni zamanda bu ehtiyatların keyfiyyəti də daha güclü vəziyyətə gəlib.
Bununla yanaşı, o xatırladıb ki, ehtiyat mövqeyindəki yaxşılaşmaya baxmayaraq, gələn il müddəti bitəcək xarici borcun həcmi 224 milyard dollara çatacaq. Bu məbləğin təxminən yarısı bank sektorunun, dörddə biri isə kommersiya kreditlərinin payına düşüb.
Winslow kredit reytinqinin artırılmasına səbəb ola biləcək əsas amillərə də toxunub. O bildirib ki, inflyasiyanın azalması fonunda ardıcıl siyasətin davam etdirilməsi və etimadın güclənməsi bu prosesə mühüm töhfə verə bilər. Xüsusilə xarici maliyyələşməyə olan tələbatın azalması və valyuta ehtiyatlarının mövcud proqnozlardan da güclü səviyyəyə yüksəlməsi halında müsbət reytinq artımı gündəmə gələ bilər.
Fitch Ratings tərəfindən kredit reytinqi və görünümü ilə bağlı son qərarlara da diqqət çəkilib. Qurum 23 yanvar tarixində Türkiyənin kredit reytinqini “BB-” səviyyəsində saxlayıb, görünümü isə “durağan”dan “pozitiv”ə dəyişib. Daha sonra, 28 yanvar tarixində 9 Türkiyə bankının kredit reytinqi görünümü də “durağan”dan “pozitiv”ə yüksəldilib.
Bu çərçivədə Ziraat Bankası, Türkiye Emlak Katılım Bankası, Halkbank, Türk Eximbank, Türkiye Kalkınma ve Yatırım Bankası, Türkiye Sınai Kalkınma Bankası, VakıfBank, Vakıf Katılım və Ziraat Katılım üçün də reytinq görünüşü pozitv səviyyəyə çevrilib.