IMF-dən İranla bağlı açıqlama

IMF-dən İranla bağlı açıqlama

Xarici mənbələrə istinadən portfel.az xəbər verir ki, Beynəlxalq Valyuta Fondu (IMF) ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatlarından sonra regionda iqtisadiyyat və ticarət sahəsində baş verən dəyişikliklərlə bağlı açıqlama yayıb.

IMF-nin yazılı bəyanatında bildirilib ki, qurum Yaxın Şərqdəki prosesləri yaxından izləyir. “Bu günədək ticarət və iqtisadi fəaliyyətlərdə pozuntular, enerji qiymətlərində artım və maliyyə bazarlarında dalğalanmalar müşahidə etmişik”, – deyə açıqlamada qeyd olunub.

Sənəddə mövcud vəziyyətin əlavə qeyri-müəyyənlik yaratdığı vurğulanıb. “Hadisələr onsuz da qeyri-müəyyən olan qlobal iqtisadi mühitə əlavə risklər qatır. Region və qlobal iqtisadiyyat üzərində mümkün təsirləri qiymətləndirmək üçün hələ tezdir. Bu təsir münaqişənin miqyası və davametmə müddətindən asılı olacaq”, – deyə IMF bildirib.

ABŞ və İsrailin İrana hücumları

ABŞ və İsrail Tehran və Vaşinqton arasında danışıqlar davam etdiyi bir vaxtda, 28 fevral tarixində İrana qarşı hərbi əməliyyatlara başlayıb.

İran isə İsraillə yanaşı, ABŞ hərbi bazalarının yerləşdiyi Qətər, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Bəhreyn də daxil olmaqla regiondakı müəyyən hədəflərə zərbələrlə cavab verib.

ABŞ və İsrailin hücumları nəticəsində İranın lideri Ayətullah Əli Xamenei və bir sıra yüksək vəzifəli rəsmilər həlak olub.