İngiltərənin Baş naziri istefa verdi funt ucuzlaşdı
İngiltərənin Baş naziri Keir Starmer vəzifəsindən istefa verib. Starmer bu səhər Kral III Çarlz ilə görüşündən sonra İşçi Partiyasının Milli İcraiyyə Komitəsindən (NEC) liderlik seçkisinin qrafikini müəyyənləşdirməyi tələb edəcəyini açıqlayıb. Sentyabr ayına qədər vəzifədən ayrılacağını elan etməsindən sonra sterlin dəyər itirib, İngiltərənin borclanma xərcləri isə yüksəlib.
Sterlin fevral ayından bəri siyasi təzyiqlərin artması fonunda dollar qarşısında 0,2 faiz dəyər itirərək 1,319 səviyyəsinə enib və üç ayın ən aşağı səviyyələrinə yaxınlaşıb. Opsion bazarlarında investorlar yaxın həftələrdə sterlindəki dəyişkənliyə qarşı qorunmaq üçün daha yüksək xərc ödəməyə hazır görünürlər.
Starmerin varisi üçün liderlik yarışına müraciətlər 9 iyulda başlayacaq. Ən güclü namizəd kimi Mançester meri Andy Burnham önə çıxır. Analitiklər Burnhamın mövcud maliyyə intizamı qaydalarına sadiq qalacağına dair açıqlamalarının bazarlar üçün etimad yaratdığını bildirirlər.
İngiltərə yüksək dövlət borcu, artan faiz ödənişləri, zəif artım göstəricisi və müdafiə xərcləri səbəbindən G7 ölkələri arasında ən yüksək borclanma xərclərindən biri ilə üzləşir. 10 illik Britaniya istiqrazlarının gəlirliliyi 4,85 faizlə 2008 qlobal maliyyə böhranından bəri görülən ən yüksək səviyyələrə yaxın seyr edir. Bu vəziyyət ölkənin orta müddətli borclanmalarda inkişaf etmiş ölkələr arasında ən yüksək xərclərdən birini ödədiyini göstərir.
Bazarlar yeni liderin iqtisadiyyat və maliyyə siyasətləri ilə bağlı aydın yol xəritəsi ortaya qoymasını gözləyərək ehtiyatlı davranmağa davam edir. Ekspertlər Andy Burnhamın rəqibsiz şəkildə lider seçilməsi halında sterlin və istiqraz bazarlarında rahatlama müşahidə oluna biləcəyini bildirirlər. Lakin sərt liderlik yarışının başlaması halında namizədlərin yeni maliyyə vədləri vermək məcburiyyətində qala biləcəyi və bunun investorların maliyyə intizamı ilə bağlı narahatlıqlarını artıra biləcəyi vurğulanır.