Kevin Hassett-in FED sədri olmaq şansı kəskin azalıb
ABŞ prezidenti Donald Trump-ın son açıqlamasından sonra iqtisadçı Kevin Hassett-in Federal Ehtiyat Sisteminin sədri postuna təyin olunma ehtimalı ciddi şəkildə zəifləyib. Proqnoz bazarlarında Hassett-in şansı 15–16% səviyyəsinə enib. Halbuki o, bir müddət əvvəl əsas favoritlərlə demək olar ki, eyni mövqedə idi. Eyni zamanda Rick Rieder-in adı namizədlər arasında daha çox hallanmağa başlayıb.
portfel.az maliyyə və investisiya portalının proqnoz bazarları və beynəlxalq mediaya istinadən yaydığı məlumata görə, Kalshi və Polymarket kimi platformalarda ən yüksək ehtimal hazırda keçmiş FED idarə heyətinin üzvü Kevin Warsh-a məxsusdur və onun şansı təxminən 60% kimi qiymətləndirilir. Hassett 15–16%, hazırkı FED üzvü Christopher Waller isə 13–14% aralığında qərarlaşıb. Rick Rieder-in ehtimalları isə son günlər artıb və bunun əsas səbəbi onun Senatdan təsdiq alma perspektivinin daha güclü görünməsidir.
Mövqelərin dəyişməsinə səbəb prezident Trampın açıq mesajı olub. Tramp Hassett-ə birbaşa müraciət edərək, “səni olduğun yerdə saxlamaq istəyirəm” deyib. Hassett bu açıqlamaya cavab olaraq özünü “şərəflənmiş” hiss etdiyini bildirib və Milli İqtisadi Şurada fəaliyyətini davam etdirməyə daha meylli olduğunu eyham edib. Bu açıqlama fonunda FED sədri postu uğrunda mübarizənin faktiki olaraq dörd namizəd arasında getdiyi qeyd olunur.
Rick Rieder-in önə çıxması isə diqqət çəkir. BlackRock-un yüksək vəzifəli rəhbərlərindən biri olan Rieder yaxın vaxtlarda Tramp ilə görüşüb və mənbələr bu görüşü müsbət qiymətləndirib. O, FED-in müstəqilliyini müdafiə etdiyini, eyni zamanda balans siyasətində daha çevik və “innovativ” yanaşmaları dəstəklədiyini bildirib. Analitiklər hesab edir ki, Rieder-in Wall Street təcrübəsi və Senatda qəbul olunma şansının yüksək olması onu daha praktik namizədə çevirir.
FED sədri postu ətrafında müzakirələr faiz dərəcələrinin 2025-ci ildə endirilməsindən sonra yeni mərhələyə qədəm qoyub. Jerome Powell-in səlahiyyət müddəti 15 may tarixində başa çatır və Trampın onun varisini bu ay ərzində açıqlaya biləcəyi bildirilir. Bununla belə, proses hələ də qeyri-müəyyən olaraq qalır və yekun qərarın bazarlara ciddi təsir göstərəcəyi gözlənilir.