Kritik minerallar dünya enerji təhlükəsizliyi üçün əsas riskə çevrilir
Beynəlxalq Enerji Agentliyinin rəhbəri Fatih Birol enerjinin gələcəyini təhlükə altına alan əsas amilin kritik minerallarda yüksək asılılıq olduğunu bildirib. O, enerji təhlükəsizliyinin əsas prinsipinin mənbə və ticarət yollarının müxtəlifləşdirilməsi olduğunu deyərək, hazırkı vəziyyətdə bunun əksinin müşahidə edildiyini vurğulayıb.
Birol qeyd edib ki, kritik minerallar təkcə enerji texnologiyaları üçün deyil, sənaye, süni intellekt və müdafiə sektorları üçün də vacibdir. Bu mineralların çatışmazlığı qlobal istehsal zəncirinin dayanmasına gətirə bilər. O, bir ölkənin bu sahədə 70-80 faiz səviyyəsində dominant mövqeyə sahib olmasının hər zaman risk yaratdığını xatırladıb.
Onun sözlərinə görə, dünyada kritik mineralların rafinaj proseslərinin böyük hissəsi Çində cəmlənib. Bu il Çinin nadir torpaq elementlərinin ixracına məhdudiyyət qoyması avtomobil sənayesində geniş narahatlıq yaradıb. Daha sonra qərar geri götürülsə də, mövcud asılılıq strukturunun nə qədər təhlükəli olduğunu ortaya qoyub.
Hazırda nadir torpaq elementlərinin rafinajının təxminən 91 faizi Çində həyata keçirilir. ABŞ, Avropa, Malayziya, Hindistan, Avstraliya və Kanada kimi ölkələr bu asılılığı azaltmaq üçün yeni layihələrə başlayıblar. Lakin Birol bildirir ki, bütün bu layihələr vaxtında başa çatsa belə, Çin yenə də bazarın böyük hissəsinə nəzarət edəcək.
BEA-nın son “Dünya Enerji Görünümü” hesabatına əsasən, enerji sektorunda vacib hesab edilən 20 strateji mineralın 19-unun emalı Çində cəmlənib. Bu minerallar elektrik nəqliyyatı, süni intellekt sistemləri, çip istehsalı və müdafiə texnologiyalarında əsas rol oynayır.
2025-ci ilə qədər bu mineralların yarısından çoxu ixrac nəzarətinə tabe olacaq. Süni intellekt və məlumat mərkəzlərinin sürətlə genişlənməsi həm elektrik enerjisinə, həm də kritik minerallara tələbi artırır. Hələlik məlumat mərkəzlərinin bu sahədə yaratdığı yük tam başa düşülməsə də, tədarük zəncirlərinin gələcək riskləri daha qabarıq görünür.
Çin həm də çip istehsalında istifadə edilən yüksək saflıqlı silisiumun 95 faizini, eləcə də məlumat mərkəzləri üçün vacib olan rafinə misin 44 faizini istehsal edir. Bu vəziyyət ölkələri yeni mənbələr axtarmağa və tədarük yollarını yenidən qurmağa məcbur edir.
Birolun sözlərinə görə yaxın illərdə kritik minerallar üzərində nəzarət qlobal iqtisadiyyatdan tutmuş xarici siyasətə qədər geniş təsirlər yarada bilər. Bu səbəbdən ölkələr bu sahədə layihələri sürətləndirməli və asılılığı azaltmalıdır.