Pfizer ekzema üçün yeni dərman sınağında uğur qazandı
xarici KİV-ə istinadən portfel.az xəbər verir ki, Pfizer şirkəti ekzema müalicəsi üçün hazırladığı yeni nəsil dərman namizədi ilə bağlı klinik sınaqlarda mühüm nəticələr əldə edib.
Şirkətin məlumatına görə, tilrekimig (PF-07275315) adlı üçqat təsir mexanizminə malik anticisim üzrə aparılan II faza klinik sınaqları müsbət nəticə verib. Tədqiqat orta və ağır dərəcəli Atopik dermatit (ekzema) xəstəliyindən əziyyət çəkən yetkin pasiyentlər üzərində aparılıb.
Araşdırmada əsas effektivlik göstəricisi olan EASI-75 meyarı üzrə əhəmiyyətli nəticələr əldə olunub. Bu göstərici xəstəliyin şiddət indeksində ən azı 75 faiz azalma deməkdir. Sınağın ikinci mərhələsində aylıq doza rejimləri qiymətləndirilib və nəticələrə görə aşağı doza üçün placebo ilə müqayisədə 38,7 faiz, orta doza üçün isə 51,9 faiz effektivlik qeydə alınıb.
Tilrekimig digər bioloji preparatlardan fərqli olaraq eyni zamanda üç əsas iltihab yolunu — IL-4, IL-13 və TSLP siqnal yollarını bloklayır. Bu yanaşma ekzemanın yaranmasında mühüm rol oynayan immun mexanizmləri daha geniş şəkildə hədəfləməyə imkan verir.
Pfizerin iltihab və immunologiya üzrə rəhbəri Mike Vincent bildirib ki, ilkin nəticələr dərmanın mövcud müalicə üsullarından daha yüksək effektivlik potensialına malik ola biləcəyini göstərir. Onun sözlərinə görə, sınaqlar zamanı preparat bütün doza səviyyələrində yaxşı dözümlülük və təhlükəsizlik profili nümayiş etdirib.
Şirkət əldə olunan nəticələrdən sonra dərmanı III faza klinik sınaqlarına keçirməyi planlaşdırır. Bundan əlavə, preparatın digər iltihabi xəstəliklərdə, o cümlədən astma və xroniki obstruktiv ağciyər xəstəliyi (KOAH) kimi Th2 tipli immun xəstəliklərdə istifadəsi də araşdırılacaq.
Atopik dermatit dünyada 100 milyondan çox insanı təsir edən xroniki dəri xəstəliyidir. Güclü qaşınma, qızartı və iltihab ilə müşayiət olunan bu xəstəlik üçün son illərdə bir sıra müalicə üsulları ortaya çıxsa da, çox sayda pasiyentdə simptomlar tam nəzarət altına alınmır.
Hazırda bazarda Dupixent, Rinvoq, Pfizerin öz preparatı Cibinqo və Ebglyss kimi dərmanlar istifadə olunur. Analitiklərin fikrincə, tilrekimig III faza sınaqlarında uğurlu nəticə göstərərsə, ekzema müalicəsi bazarında yeni və fərqli bir seçimə çevrilə bilər.
Teqlər: