Rheinmetall Ukraynaya tank satışlarıyla 2 ildə 10 ilə bərabər kadr artımını gerçəkləşdirəcək

Rheinmetall Ukraynaya tank satışlarıyla 2 ildə 10 ilə bərabər kadr artımını gerçəkləşdirəcək

Almaniyanın müdafiə sənayesi nəhəngi Rheinmetall 2027-ci ilə qədər işçi sayını 30% artıraraq 40 minə çatdırmağı planlaşdırır, bunu The Wall Street Journal yazır.

Hazırda şirkətdə 30 iyun 2025 tarixinə 30 640 nəfər çalışır. Əgər plan reallaşarsa, Rheinmetall növbəti iki ilə yarım ərzində son on ildə götürdüyündən daha çox işçi işə götürəcək.

Şirkətin məlumatına görə, 2024-cü ildə dünya üzrə 257 min müraciət alınıb. 2025-ci ilin ilk yarısında isə 165 min ərizə daxil olub və il sonunda 275 minə yaxın müraciət gözlənilir.

Rheinmetall 2025-ci ildə 8 min yeni vakansiya elan etməyi planlaşdırır ki, bu da 2024-cü illə müqayisədə 8% çoxdur. Şirkət həm mühəndislərə, proqramçılara, həm də ofis işçilərinə ehtiyac duyur.

İşə qəbul planında Rheinmetall avtomobil sənayesindən və digər iri şirkətlərdən keçmiş işçiləri də cəlb etmək istəyir.

Qeyd edək ki, Rheinmetall Avropanın ən böyük hərbi texnika və silah istehsalçılarından biridir. Şirkətin gəlirlərinin artımına Almaniyanın Ukraynaya göndərdiyi silahlar, o cümlədən Rheinmetall istehsalı olan tanklar, piyadaların döyüş maşınları, zirehli nəqliyyat vasitələri, hava hücumundan müdafiə sistemləri və artilleriya sursatları səbəb olub. 2023-cü ilin sonunda Financial Times Rheinmetall-ı qlobal qeyri-sabitlikdən ən çox faydalanan şirkətlərdən biri adlandırıb.