Sahibkarlıq istiqamətində maneələrin aradan qaldırılması ilə bağlı yeni qərarlar müzakirə olunub

Sahibkarlıq istiqamətində maneələrin aradan qaldırılması ilə bağlı yeni qərarlar müzakirə olunub

Bu gün Azərbaycan Respublikası İqtisadi Şurasının iclası Baş nazir Əli Əsədov-un sədrliyi ilə keçirilib. İclasda “Sahibkarlıq fəaliyyətinə maneələrin aradan qaldırılması və biznes mühitinin yaxşılaşdırılması üzrə İşçi Qrup” tərəfindən hazırlanmış təkliflər müzakirə edilib. Müzakirələr əsasən “Məhkəmə və hüquq” sahəsi ilə “Dövlət satınalmaları prosedurları” sahəsində sahibkarların qaldırdığı aktual problemləri əhatə edib.

Nazirlər Kabinetinin məlumatına görə gündəlik məsələlər üzrə Azərbaycan Respublikası Prezidentinin köməkçisi və İşçi Qrupun rəhbəri Natiq Əmirov və Ali Məhkəmənin İnzibati Kollegiyasının sədri Xəqani Məmmədov məruzə ilə çıxış edib.

Müzakirələrdə Azərbaycan Respublikası Ali Məhkəməsinin Sədri İnam Kərimov, Ədliyyə naziri Fərid Əhmədov və Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədri Elnur Bağırov də çıxış ediblər.

İclasın sonunda səsləndirilən rəy və təkliflər nəzərə alınaraq müzakirə olunan məsələlərin həlli məqsədilə müvafiq normativ-hüquqi sənədlərə dəyişiklik layihələrinin hazırlanması və Nazirlər Kabinetinə təqdim edilməsi barədə qərar qəbul olunub. Aidiyyəti dövlət qurumlarına müvafiq tapşırıqlar verilib.