Sahil Babayevə yeni müavin təyin edilib - SƏRƏNCAM

Sahil Babayevə yeni müavin təyin edilib - SƏRƏNCAM

Prezident İlham Əliyev maliyyə nazirinə yeni müavin təyin edilməsi barədə sərəncam imzalayıb.

Sərəncama əsasən, bu vəzifəyə Natiq Həsənov gətirilib. O, Maliyyə Nazirliyində nazir Sahil Babayevin müavini kimi fəaliyyət göstərəcək.

Natiq Həsənov bu təyinata qədər 10 mart 2025-ci ildən 8 yanvar 2026-cı ilədək Azərbaycan Respublikasının Maliyyə Nazirliyi Aparatının rəhbəri vəzifəsində çalışıb.

1979-cu ildə anadan olan N.Həsənov Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Dövlət və bələdiyyə idarəetməsi fakültəsini bitirib. O, Azərbaycan Dövlət İqtisad Universitetində magistr təhsilini başa vurub.

Əmək fəaliyyətinə 2001-ci ildə özəl sektorda başlayan N.Həsənov 2008-ci ilədək bir sıra şirkət və təşkilatlarda müxtəlif vəzifələrdə çalışıb. 2008–2018-ci illərdə İqtisadiyyat Nazirliyində müxtəlif rəhbər vəzifələrdə fəaliyyət göstərib. 2018–2025-ci illərdə isə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyəti sədrinin birinci müavini olub.

O, bir sıra xarici ölkələrdə təlim və seminarlarda iştirak edib, beynəlxalq tədbirlərin təşkilində yer alıb. 2019-cu ildə Prezidentin sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif olunub.

Natiq Həsənov ingilis və rus dillərini bilir. Ailəlidir, üç övladı var.

Teqlər: