Tramp ərzaq qiymətlərini azaltmaq üçün tarif endirimlərinə hazırlaşır
ABŞ Prezidenti Donald Trampın artan qiymətlərlə bağlı seçicilərin narahatlığını azaltmaq üçün bir sıra məhsullara tətbiq olunan tariflərin azaldılmasına hazırlaşdığı bildirilib. Addımın qəhvə, banan və digər ərzaqların qiymət təzyiqlərini yumşaltmaq məqsədi daşıdığı qeyd olunub.
Gözlənilən tarif endirimləri Argentina, Qvatemala, Salvador və Ekvadorla çərçivə razılaşmalarını da əhatə edən yeni ticarət sazişləri paketinin bir hissəsi olacaq. Tramp və administrasiyanın yüksək vəzifəli rəsmiləri, o cümlədən ABŞ-ın maliyyə naziri Skott Bessent, son günlər populyar ərzaqlara tətbiq olunan rüsumların azaldılmasına yönələn daha geniş istisnaların müzakirə olunduğunu açıqlayıblar.
Tramp Fox News-a verdiyi müsahibəsində “Qəhvə üçün bəzi tarifləri aşağı salacağıq” deyə bildirmişdi.
Administrasiyanın bu istiqamətdə fəallaşması Demokratların bir neçə mühüm ştat və yerli seçkilərdə qalib gəldiyi fonda baş verib. Həmin kampaniyalarda əsas diqqət yaşayış xərclərinə yönəlmişdi. Tramp son günlər amerikalıların böyük bir hissəsi üçün mümkün “tarif dividendi” ideyasını da gündəmə gətirmişdi.
O, yaxın zamanda ABŞ istehlakçılarının tətbiq olunan tariflər üçün “nə isə ödədiyini” qəbul etmişdi. Bu tariflərin böyük qismi hazırda Ali Məhkəmənin baxışında olan işin nəticəsindən asılıdır.
Geniş diqqət çəkən həmin işdə həm məhkəmənin üç liberal, həm də üç mühafizəkar hakimi prezidentin ən geniş tarif qərarlarını tətbiq etmək səlahiyyətinə dair skeptik suallar səsləndirmişdi. Ali Məhkəmənin Trampın mövqeyini dəstəkləməməsi halında administrasiyanın ticarət gündəmini davam etdirmək üçün alternativ addımlar axtaracağı gözlənilir.
Trampın tarif siyasətinə dair digər vacib nüanslar:
- ABŞ və İsveçrə yay aylarında 39 faiz səviyyəsinə qaldırılması narahatlıq yaratmış rüsumları 15 faizə endirmək barədə razılığa gəlib. Ağ Ev İsveçrənin ABŞ-a $200 milyard həcmində investisiya yatıracağını bildirib.
- Avropa İttifaqı ABŞ-a ticarət sazişinin növbəti mərhələsinin icrasına imkan verəcək təklif təqdim edəcəyini açıqlayıb.
- Braziliya iki ölkə arasında münasibətlərin yaxşılaşması fonunda bu ay ABŞ-la ilkin ticarət razılaşmasına ümid etdiyini qeyd edib.
- Nanos Research Group-un Bloomberg üçün keçirdiyi sorğuya görə kanadalıların 67 faizi yaxın altı ay ərzində ABŞ tariflərinin azaldılması barədə razılığa nail olma imkanını real hesab etmir.
- ABŞ və Çin ticarət gərginliyində fasilə razılaşmasına gəlib. Razılaşma Çinin nadir torpaq metalları üzrə əlavə ixrac məhdudiyyətlərini dayandırmasını və ABŞ çip istehsalçılarına dair araşdırmaları bağlamasını nəzərdə tutur. ABŞ isə Trampın Çin mallarına tətbiq etdiyi bəzi “qarşılıqlı tarifləri” bir il müddətinə dayandırıb.
- Tramp Hindistan məhsullarına tətbiq olunan tarifləri “hansısa mərhələdə” azalda biləcəyini və Vaşinqtonun Yeni Dehli ilə ticarət razılaşmasına “yaxın” olduğunu bildirib.