Tramp: İran hücumları üçün Konqresə ehtiyac yoxdur

Tramp: İran hücumları üçün Konqresə ehtiyac yoxdur

ABŞ Prezidenti Donald Tramp İranla bağlı hərbi əməliyyat başlatmaq üçün Konqresin icazəsinin tələb olunmadığını və bu istiqamətdə rəsmi müraciət etməyəcəyini açıqlayıb.

Tramp verdiyi müsahibədə İranla davam edən münaqişə fonunda səlahiyyət müzakirələrinə münasibət bildirib.

Respublikaçıların həm Senatda, həm də Nümayəndələr Palatasında çoxluğa malik olmasına baxmayaraq, Tramp “Konqresdən müharibə səlahiyyəti istəmək niyyətində olmadığını” vurğulayıb.

İranla müharibə üçün səlahiyyət tələb edib-etməyəcəyi ilə bağlı suala Tramp, “Xeyr, heç düşünmürəm” cavabını verib.

Prezident İran ərazisinə endirilən zərbələrin indiyədək “olduqca uğurlu” olduğunu iddia edib və bu əməliyyatlar üçün ayrıca təsdiq alınmasına ehtiyac olmadığını bildirib.

ABŞ-də başqa bir ölkəyə müharibə elan etmək səlahiyyətini Konqresə verən “War Powers Act” çərçivəsində Demokratlar və bəzi Respublikaçılar Trampın Konqres təsdiqi olmadan İranla müharibəyə girməsinin qarşısını almağa çalışırlar. Bu fonda prezidentin açıqlaması diqqət çəkib.

Trampdan “sərhədsiz ehtiyat” mesajı

Tramp həmçinin bildirib ki, İrana qarşı əməliyyatlar həftələrlə davam edə bilər və ABŞ kifayət qədər silah və sursat ehtiyatına malikdir.

“Orta və orta-yuxarı səviyyəli silahlarımız üçün çox böyük ehtiyatımız var. Sərhədsiz, sözün əsl mənasında sərhədsiz ehtiyatımız var”, deyə o qeyd edib.

İranın kifayət qədər hava müdafiə imkanlarına malik olmadığını iddia edən Tramp, “İranın hava müdafiəsi olmadığını bilirsiniz, elə deyilmi? Bunu tezliklə görəcəksiniz. Bizdə isə çoxdur. Ehtiyatlarımız çox yaxşı vəziyyətdədir”, ifadələrini işlədib.

Respublikaçı Konqres üzvü Thomas Massie və Demokrat üzv Ro Khanna tərəfindən birgə hazırlanmış və bu həftə Nümayəndələr Palatasının gündəminə çıxarılması gözlənilən qanun layihəsi Tramp administrasiyasının İrana qarşı hücumlar üçün Konqres təsdiqi almasını şərt kimi irəli sürür.

Lakin Respublikaçıların çoxluqda olduğu Nümayəndələr Palatasında həmin layihənin qəbul olunma ehtimalının aşağı olduğu bildirilir.