Türkiyədə inflyasiya gözləntiləri artıb
Türkiye Cumhuriyet Merkez Bankası tərəfindən açıqlanan 2026-cı ilin mart ayı üzrə “Bazar İştirakçıları Sorğusu”nun nəticələrinə əsasən inflyasiya gözləntiləri bütün qruplar üzrə artıb.
Sorğuya görə 12 ay sonrakı illik inflyasiya gözləntisi bazar iştirakçıları üçün 22,17%, real sektor üçün 32,90%, ev təsərrüfatları üçün isə 49,89% səviyyəsinə yüksəlib. Bu göstəricilər fevral ayı ilə müqayisədə artım nümayiş etdirir və inflyasiya ilə bağlı narahatlıqların davam etdiyini göstərir.
Eyni zamanda 2026-cı ilin sonu üzrə istehlak qiymətləri indeksi (TÜFE) proqnozu da artaraq 24,11%-dən 25,38%-ə yüksəlib. 24 ay sonrakı inflyasiya gözləntisi isə 17,11%-dən 17,30%-ə çatıb.
Ev təsərrüfatlarının inflyasiyanın azalacağına olan inamı isə əhəmiyyətli dərəcədə zəifləyib. Belə ki, inflyasiyanın yaxın 12 ayda düşəcəyini gözləyənlərin payı 20,33%-dən 15,14%-ə geriləyib. Ən böyük risk faktorları kimi ərzaq və enerji qiymətləri göstərilir.
Mərkəzi Bankın fevral ayında dərc etdiyi inflyasiya hesabatında da proqnozlar yuxarı istiqamətdə yenilənmişdi. Belə ki, 2026-cı ilin sonu üçün inflyasiya intervalı 13-19%-dən 15-21%-ə qaldırılıb, aralıq hədəf isə 16% səviyyəsində müəyyən edilib.
Teqlər: