Novorossiysk limanında hücum neft ixracını dayandırdı, qiymətlər 2%-dən çox yüksəldi

Novorossiysk limanında hücum neft ixracını dayandırdı, qiymətlər 2%-dən çox yüksəldi

Neft qiymətləri cümə günü 2%-dən çox yüksəlib. Buna səbəb Rusiyanın Novorossiysk limanının Ukraynanın dron hücumu nəticəsində neft ixracını dayandırması və Rusiyanın enerji mərkəzində yerləşən neft anbarının vurulması ilə bağlı təchizat narahatlıqlarıdır.

Brent xam neft fyuçersləri 1.38 dollar və ya 2.19% artaraq bir barel üçün 64.39 dollara çatıb. ABŞ-ın West Texas Intermediate (WTI) nefti isə 1.40 dollar və ya 2.39% artaraq bir barel üçün 60.09 dollar olub.

Brent həftəlik olaraq 1.2% artıb, WTI isə təxminən 0.6% həftəlik yüksəliş göstərib.

Cümə günü baş verən hücum limandakı bir gəmini, yaşayış binalarını və Novorossiyskdəki neft anbarını zədələyib. Rusiya rəsmiləri gəminin üç heyət üzvünün yaralandığını bildirib.

Price Futures Group-un baş analitiki Phil Flynn deyib: “Rusiyanın həmin terminalına zərbə böyük idi və əvvəlki hücumlardan daha ciddi təsir göstərmiş kimi görünür.”

Liman qlobal təchizatın 2%-ni ixrac edir

İki sənaye mənbəsinin “Reuters”ə bildirdiyinə görə Rusiya limanı olan Novorossiysk gündəlik 2.2 milyon barel, yəni qlobal təchizatın 2%-i həcmində neft ixracını dayandırıb və neft boru kəməri monopoliyası Transneft bu istiqamətə neft tədarükünü dayandırıb.

UBS-in əmtəə analitiki Giovanni Staunovo deyib: “Bu hücumların intensivliyi artıb; daha tez-tez baş verir. Nəticədə elə bir obyektə zərbə dəyə bilər ki, bu da uzunmüddətli pozuntuya səbəb ola bilər.”

Ukrayna cümə günü bildirib ki, ayrıca olaraq Rusiyanın Saratov regionundakı bir neftayırma zavodunu və yaxınlıqdakı Engelsdə yanacaq saxlanma obyektini gecə saatlarında vurub.

Staunovo deyib ki, investorlar son hücumların təsirlərini və bu hadisələrin Rusiyanın təchizatı üçün uzunmüddətli mənasını qiymətləndirməyə çalışır.

İnvestorlar həmçinin Qərb sanksiyalarının Rusiyanın neft təchizatı və ticarət axınlarına təsirini izləyirlər.

Britaniya cümə günü sanksiyaya məruz qalmış Rusiya neft şirkəti Lukoil-in iki Bolqarıstan törəmə şirkəti ilə biznesin davam etməsinə imkan verən xüsusi lisenziya təqdim edib. Bu, Bolqarıstan hökumətinin həmin aktivləri öz nəzarətinə götürməsindən sonra baş verib.

ABŞ 21 noyabrdan sonra Lukoil və Rosneft ilə əməliyyatları qadağan edən sanksiyalar tətbiq edib. Bu addım Kremlə Ukrayna ilə bağlı sülh danışıqlarına gəlməsi üçün təzyiq göstərmək məqsədi daşıyır.

JPMorgan cümə axşamı bildirib ki, ABŞ sanksiyaları səbəbindən Rusiyanın təxminən 1.4 milyon barel gündəlik nefti hansı ki, dənizlə ixrac potensialının təxminən üçdə biridir, tankerlərdə yığılıb qalıb, çünki Rosneft və Lukoil-ə qarşı sanksiyalar səbəbindən yük boşaltma prosesi yavaşlayıb.

Bank əlavə edib ki, həmin şirkətlərdən alınan neftin boşaldılması 21 noyabr tarixindən sonra daha da çətinləşə bilər.