Yenilənmiş 100 manatlıq pul nişanı iyulda tədavülə buraxılır

Yenilənmiş 100 manatlıq pul nişanı iyulda tədavülə buraxılır

Portfel.az xəbər verir ki, Azərbaycan Mərkəzi Bankı (AMB) yenilənmiş 100 manatlıq pul nişanının tədavülə buraxılacağını açıqlayıb.

Bildirilib ki, beynəlxalq təcrübəyə uyğun olaraq pul nişanlarının saxtalaşdırılmasına qarşı mübarizənin gücləndirilməsi, ən son texnologiya və innovasiyaların tətbiqi, həmçinin vətəndaş məmnunluğunun artırılması məqsədilə mərkəzi banklar tərəfindən banknotların dizaynı və mühafizə sistemləri mütəmadi yenilənir.

Bu yanaşmanı əsas götürən Azərbaycan Mərkəzi Bankı milli pul nişanlarında nano və mikrotexnologiyaların tətbiqi ilə yenilənmə prosesinə başlayıb. 2021-ci ildən etibarən yenilənmiş 1, 5, 10, 20 və 50 manatlıq kağız pul nişanları tədavülə buraxılıb.

100 manatlıq pul nişanı yenilənib

Prosesin davamı olaraq “İqtisadiyyat və inkişaf” mövzusuna həsr olunan 100 manatlıq pul nişanının dizaynı və mühafizə sistemi mövcud konsepsiya çərçivəsində ən son texnologiyalar əsasında yenilənib. AMB yenilənmiş 100 manatlıq pul nişanının 15 iyul 2026-cı il tarixindən tədavülə buraxılacağını elan edib.

Yeni mühafizə elementləri tətbiq olunub

Yenilənmiş banknotda müasir təhlükəsizlik elementləri tətbiq edilib. Bunlara üçölçülü mikrogüzgü effektinə malik rəngi dəyişən holoqram, dinamik işıq effekti yaradan və rəngi dəyişən Manat simvolu ilə “Spark Flow Prime” elementi, su nişanı (işığa tutduqda Azərbaycan Respublikasının Dövlət Gerbi və nominalın rəqəmi görünür), görmə qüsuru olan şəxslər üçün xüsusi qabarıq xətlər, şaquli arxa dizayn, mühafizə sapı, mürəkkəbsiz çap və mikromətnlər daxildir.

Qeyd olunub ki, yenilənmiş 100 manatlıq pul nişanının üzərində AMB sədri Taleh Tahir oğlu Kazımovun imzası yerləşdirilib və imza ön tərəfin sol yuxarı hissəsində əks olunub.

Nağd pul sistemləri uyğunlaşdırılır

Hazırda ölkə ərazisində istifadə olunan bütün nağd pul sistemləri və avadanlıqlarının yenilənmiş 100 manatlıq nişana uyğunlaşdırılması prosesinə başlanılıb.

Eyni zamanda bildirilib ki, yenilənmiş 100 manatlıq pul nişanı hazırda dövriyyədə olan eyni nominallı banknotlarla paralel şəkildə istifadə olunacaq və ödəniş vasitəsi kimi məhdudiyyətsiz qəbul ediləcək.