Çip böhranı bitdi: Niderland və Çin razılığa gəldi
Niderland Çinlə yaşanan gərginliyi azaltmaq üçün Nexperia çip istehsalçısına nəzarəti ələ almaq planını müvəqqəti dayandırıb. İqtisadiyyat naziri Vinsent Karremans bildirib ki, Çin rəsmiləri ilə “konstruktiv” danışıqlardan sonra şirkətin böyük qərarları hökumətin icazəsi olmadan verə bilməməsinə dair qərar dayandırılıb.
Karremans Çinin Avropa və digər bölgələrə çip tədarükünü təmin etmək üçün atdığı addımları “müsbət siqnal” kimi qiymətləndirib və dialoqu davam etdirməyə hazır olduqlarını deyib.
Çinin Ticarət Nazirliyi bu addımı “ilk addım” kimi alqışlayıb, amma qərarın tam ləğv edilməli olduğunu bildirib. Nazirlik həmçinin keçən ay Nexperia-nın Çinli baş direktorunun məhkəmə qərarı ilə vəzifədən uzaqlaşdırılmasını tənqid edib. Həmin qərara əsasən şirkətdəki səsvermə hüquqları müstəqil idarəçiyə verilib.
KU Leuven Universitetinin iqtisadçısı Yo Van Bizebrök deyir ki, Avropa Çinin kritik təchizat zəncirlərindəki roluna dair strategiya üzərində hələ də işləyir. Onun sözlərinə görə, rəhbərlikdəki dəyişiklikdən sonra ən böyük narahatlıq müəyyən qədər aradan qalxıb.
Niderland hökuməti sentyabr ayında Nexperia-nın faktiki idarəçiliyini ələ almışdı. Səbəb kimi Çip istehsalının və intellektual mülkiyyətin Çinə köçürülməsi ehtimalı göstərilmişdi. ABŞ da xəbərdarlıq etmişdi ki, Zhang vəzifədən uzaqlaşdırılmasa, Nexperia sanksiya siyahısına düşə bilər. Amsterdam bu iddianı rədd edir.
Pekin həmin müdaxiləni tənqid etmiş və cavab olaraq Çində istehsal edilən bəzi Nexperia məhsullarının ixracını dayandırmışdı. Bu məhdudiyyət avtomobil istehsalçılarını da çətin vəziyyətə salmışdı. Belə ki, Honda və Nissan istehsalı azaltmalı olmuş, Mercedes-Benz isə qısa müddətdə çip təminatını gücləndirmişdi.
Bu ay Çin həmin ixrac qadağasını aradan qaldırıb. Bu addım ABŞ prezidenti Donald Tramp və Çin lideri Si Cinpinin ötən ay Cənubi Koreyada elan etdiyi ticarət anlaşmasının bir hissəsi olub.