Azərbaycan Ermənistana internet tranziti təmin edəcək

Azərbaycan Ermənistana internet tranziti təmin edəcək

AzerTelecom və Telecom Armenia Ermənistanın beynəlxalq internet bağlantısını Azərbaycan üzərindən təmin etmək üçün ikitərəfli sazişlər imzalayıb. Regionun aparıcı magistral internet operatoru olan AzerTelecom beynəlxalq internet trafiki ilə təmin etdiyi ölkələrin sayını və coğrafi əhatəsini genişləndirəcək. Şirkət öz infrastrukturu vasitəsilə Ermənistana internet trafiki tranziti təqdim edəcək.

Sazişlər regional bağlantı marşrutlarının şaxələndirilməsini, telekommunikasiya şəbəkələrinin etibarlılığının artırılmasını və telekommunikasiya sektorunda əməkdaşlığın təşviqini hədəfləyir.

AzerTelecom Azərbaycanda topdansatış internet trafiki, rabitə xidmətləri və rəqəmsal həllər təqdim edən iri telekommunikasiya şirkətidir. Şirkət həmçinin Avropa ilə Asiya arasında yeni rəqəmsal dəhlizin yaradılması üçün Rəqəmsal İpək Yolu layihəsini həyata keçirir. AzerTelecom müxtəlif ölkələrdə və sahələrdə fəaliyyət göstərən beynəlxalq NEQSOL Holding-ə məxsus Azerconnect Group-un tərkibində fəaliyyət göstərir.