Çin 6G üçün fotonik mühərrik hazırlayıb

Çin 6G üçün fotonik mühərrik hazırlayıb

Çinli tədqiqatçılar Sİ dəstəkli 6G şəbəkələri üçün mühüm addım sayılan yeni lazer dəstəkli fotonik mühərrik hazırlayıb. Bu mühərrik ağ işıq vasitəsilə məlumatları 1,2 kilometr məsafəyə ötürə bilir. Texnologiya hazırda istifadə olunan görünən işıq rabitəsi (VLC) sistemlərinin bir neçə metrlik məsafə limitini aşaraq məlumat ötürmə məsafəsini xeyli artırıb.

Araşdırmada lazer işıqlandırması əsaslı sistemdən istifadə edilərək keramika əsaslı xüsusi struktur hazırlanıb. Şüşənin kristallaşdırılması prosesi ilə əldə edilən yarımşəffaf keramika yüksək keyfiyyətli ağ işıq təmin edib və məlumat ötürülməsi üçün zəruri optik xüsusiyyətlər qazandırıb. Sistem işığın sarı dalğa uzunluğu diapazonunda cəmlənməsi və qırmızı komponentlərin çatışmaması səbəbindən bəzi işıqlandırma tətbiqlərində məhdud qala bilər. Məlumat ötürmə sürəti isə hələ fiber-optik səviyyələrə çatmayıb.

Tədqiqatçılar daha qısa flüoressensiya ömrünə və tənzimlənə bilən işıq zolağı genişliyinə malik yeni materiallar hazırlamağı hədəfləyirlər. Bununla sürətlərin artırılması planlaşdırılır. Bundan başqa, sistemin radio tezlikli rabitə infrastrukturları ilə birləşdirilməsi nəzərdə tutulur. Bu, pis hava şəraitində də fasiləsiz xidmət göstərə biləcək hibrid həll yaratmağa imkan verə bilər. Yenilik 6G texnologiyasının əsas təməl daşlarından biri kimi qiymətləndirilir.