Google robotlar üçün “Android” qurmaq istəyir
Google robototexnika proqram təminatı şirkəti Intrinsici öz əsas əməliyyatlarına inteqrasiya edərək “robotlar üçün Android” platforması yaratmağı hədəfləyir. Məqsəd istehsal və logistika sahələrində “fiziki Sİ” tətbiqlərini sürətləndirməkdir.
Şirkətin baş direktoru Sundar Pichai bu təşəbbüsü Android-in mobil ekosistemdə qazandığı uğurla müqayisə edib. Plan ondan ibarətdir ki, Intrinsic robot istehsalçıları üçün universal proqram qatını təmin etsin və bu sistem müxtəlif avadanlıqlarla uyğun işləsin. Tərəfdaşlar arasında FANUC, Universal Robots və KUKA kimi sənaye nəhəngləri var.
Intrinsic-in “Flowstate” platforması proqramçılara dərin kodlaşdırma biliyi olmadan süni intellektlə işləyən robot tətbiqləri yaratmağa imkan verir. “Drag-and-drop” prinsipi ilə qurulan “bacarıqlar” vasitəsilə detal tanıma, hərəkətin planlaşdırılması və gücə nəzarətli manipulyasiya kimi funksiyalar asanlıqla inteqrasiya oluna bilir.
Bu addımla Intrinsic artıq Alphabetin “Other Bets” bölməsindən çıxaraq birbaşa Google-un tərkibinə keçir. Bu isə ona Google DeepMind araşdırmaları, Gemini modelləri və Google Cloud infrastrukturundan istifadə edərək sənaye miqyasında daha geniş tətbiq imkanları qazandıracaq.
Google-un “fiziki Sİ” strategiyası yalnız proqramla məhdudlaşmır. Şirkət humanoid robotlar üçün Apptronik ilə, istehsalat robotları istiqamətində isə Boston Dynamics ilə əməkdaşlıq edir. Intrinsic-in baş direktoru Wendy Tan White istehsalçılar, o cümlədən Foxconn üçün “fiziki Sİ” imkanlarının açılmasının xüsusilə elektronika yığımı kimi sürətlə böyüyən sahələrdə böyük əhəmiyyət daşıdığını bildirib.
Analitiklər hesab edirlər ki, bu addım Google-u robototexnika bazarında Amazon və Tesla kimi rəqiblərlə daha birbaşa rəqabətə çıxaracaq. Proqnozlara görə, ümumi təyinatlı robotlar bazarının həcmi 2040-cı ilə qədər 370 milyard dollara çata bilər.
Teqlər: