Google Workspace üçün Gemini AI yeniləməsi təqdim edilib
Google Workspace platforması üçün Gemini süni intellekt alətində böyük yeniləmələr təqdim edib.
Yeni funksiyalar Google Docs, Google Sheets, Google Slides və Google Drive tətbiqlərində istifadəyə verilib və hazırda Ultra və Pro abunəçiləri üçün beta rejimində təqdim olunur.
Docs: tam formatlı mətnlərin avtomatik hazırlanması
Docs tətbiqində “Help me create” funksiyası istifadəçilərə qısa qeydlərdən və ya görüş protokollarından tam formatlı sənədlər hazırlamağa imkan verir.
Bundan əlavə “Match format/style” funksiyası mövcud şablon və ya e-poçt dizaynını analiz edərək yeni sənədi eyni üslubda yarada bilir. Bu xüsusiyyət, məsələn, tədbir proqramı və ya xəbər bülleteni hazırlamaqda istifadə oluna bilər.
Sheets: süni intellektlə avtomatik cədvəllər
Sheets tətbiqində istifadəçilər sadəcə sorğu yazmaqla tam hazır elektron cədvəl yarada bilirlər.
“Fill with Gemini” funksiyası isə məlumatları avtomatik dolduraraq, məsələn universitet müraciət tarixləri və təhsil haqları kimi məlumatları internet axtarışlarından götürüb cədvələ yerləşdirə bilir.
Slides: Sİ ilə təqdimat hazırlamaq
Slides tətbiqində Gemini istifadəçinin sənədlərini və e-poçtlarını analiz edərək uyğun dizaynlı slaydlar yarada bilir.
İstifadəçilər “rəngləri uyğunlaşdır”, “minimal dizayn istifadə et” kimi sadə əmrlərlə slaydları redaktə edə bilirlər. Google yaxın vaxtda tam təqdimatların avtomatik hazırlanması funksiyasını da təqdim etməyi planlaşdırır.
Drive: Sİ ilə ağıllı axtarış
Drive tətbiqində isə istifadəçilər təbii dildə sorğu yazaraq fayllar, Gmail mesajları və təqvim qeydləri üzrə məlumat axtara bilirlər.
Gemini nəticələri AI Overviews formatında təqdim edir və mənbələri də göstərir.
Hazırda yeni funksiyalar ingilis dilində qlobal istifadəçilər üçün, Drive yenilikləri isə ilkin mərhələdə ABŞ-da istifadəyə verilib.
Teqlər: