Norveçin 2.1 trilyon dollarlıq fondu Sİ ilə investisiyaya keçir
Norges Bank Investment Management (NBIM) süni intellektdən istifadəni genişləndirərək bəzi investisiya qərarlarının qismən Sİ tərəfindən verilməsinə doğru addım atır.
Dünyanın ən böyük suveren fondlarından biri olan NBIM hazırda ilkin mərhələdə Sİ-ni əsasən rutin proseslərdə tətbiq edir. Buraya məlumatların analizi, risklərin qiymətləndirilməsi və ESG monitorinqi daxildir.
Fond artıq Anthropic şirkətinin Claude modeli əsasında qurulan sistemlərdən istifadə edir. Təxminən 700 əməkdaşın yarısı bu texnologiya ilə işləyərək daxili Sİ tətbiqləri hazırlayır.
Sİ alətləri sayəsində fondun bir çox əl əməliyyatları avtomatlaşdırılıb və bəzi proseslərdə 50%-ə qədər vaxt qənaəti əldə olunub.
Sistem həmçinin 7 200-dən çox aktiv üzrə ESG risklərini gündəlik izləyir və məcburi əmək, fırıldaqçılıq kimi riskləri daha erkən aşkar edir. Bu isə fonda vaxtında qərar verərək potensial itkilərin qarşısını almağa imkan yaradır.
Əlavə olaraq Sİ bazar indekslərində dəyişiklikləri əvvəlcədən proqnozlaşdıraraq ticarət xərclərini yüz milyonlarla kron səviyyəsində azaltmağa kömək edir.
Fond rəhbəri Nicolai Tangen vurğulayıb ki, si heç vaxt tam müstəqil qərar verən sistemə çevrilməyəcək. Son qərarlar həmişə insanlar tərəfindən təsdiqlənəcək.
Onun sözlərinə görə məqsəd insanları əvəz etmək deyil, Sİ-dən istifadə edən mütəxəssislərin daha effektiv olmasını təmin etməkdir.
NBIM-in “Strategy 28” proqramı çərçivəsində Sİ-dən məsuliyyətli istifadə əsas prioritet kimi müəyyən edilib. Fond etik risklərin, alqoritmik qərəzin və potensial “Sİ balonu” risklərinin diqqətlə izlənəcəyini bildirir.
Ekspertlər qeyd edir ki, bu model, yəni “Sİ + insan nəzarəti” yanaşması gələcəkdə qlobal investisiya fondları üçün standart yanaşmaya çevrilə bilər.
Teqlər: