Nvidia gəlirini 85 faiz artırıb

Nvidia gəlirini 85 faiz artırıb

Nvidia 2027 maliyyə ilinin ilk rübündə gəlirini illik bazada 85 faiz artıraraq 81,6 milyard dollara yüksəldib. Şirkətin xalis mənfəəti isə eyni dövrdə 211 faiz artımla 58,3 milyard dollara çatıb. Ötən ilin eyni dövründə gəlir 44,1 milyard dollar, xalis mənfəət isə 18,8 milyard dollar olaraq qeydə alınmışdı.

Rüblük gəlir əvvəlki dövrlə müqayisədə 20 faiz artıb, bazar gözləntiləri isə 78,9 milyard dollar səviyyəsində idi. Nvidia cari rüb üçün gəlir proqnozunu 91 milyard dollar olaraq açıqlayıb. Səhm üzrə mənfəət də 76 sentdən 2,39 dollara yüksəlib və rentabellik bazar proqnozlarını üstələyib.

Bundan başqa, şirkət direktorlar şurasının təsdiqi ilə 80 milyard dollarlıq əlavə səhm geri alımı proqramına başlanıldığını və rüblük nağd dividend ödənişinin səhm üzrə 1 sentdən 25 sentə qaldırıldığını duyurub.

Nvidia-nın qurucusu və baş icraçı direktoru Jensen Huang Sİ fabriklərinin inşasının bəşəriyyət tarixində ən böyük infrastruktur genişlənməsi olduğunu və bu prosesin sürətlə irəlilədiyini bildirib. Huang agent əsaslı Sİ dövrünün başladığını, bu sistemlərin iş istehsalı və iqtisadi dəyər yaratdığını, Nvidia-nın da bu transformasiyanın mərkəzində olduğunu qeyd edib.