Oracle Sİ data mərkəzləri üçün Bloom Energy ilə 2,8 GW-lıq enerji müqaviləsini genişləndirir
Oracle süni intellekt yönümlü data mərkəzlərinin enerji təminatını sürətləndirmək üçün Bloom Energy ilə tərəfdaşlığını genişləndirib.
Şirkət Bloom-un yerində quraşdırılan yanacaq elementi sistemlərindən ümumilikdə 2,8 giqavat gücündə enerji almağı planlaşdırır. Bu addım Oracle-ın AI və bulud infrastrukturu üçün daha sürətli enerji təminatı əldə etməsinə yönəlib.
Yeni master xidmət müqaviləsinə əsasən Oracle artıq ilkin mərhələdə 1,2 GW gücü müqavilə ilə təsdiqləyib və ABŞ-dakı layihələrdə bu sistemlərin quraşdırılması başlayıb. Bu texnologiya ənənəvi şəbəkə layihələri ilə müqayisədə xeyli sürətli işə salınır və bəzi obyektlərdə enerji təminatı təxminən 55 günə hazır vəziyyətə gətirilə bilir.
Razılaşmadan bir neçə gün əvvəl Oracle Bloom Energy-nin səhmlərini almaq üçün təxminən 400 milyon dollar dəyərində opsion (warrant) əldə edib. Bu sənəd şirkətə 2026-cı ilin 9 oktyabrına qədər təxminən 3,5 milyon Class A səhm almaq hüququ verir.
Bu, Oracle-ın Bloom texnologiyasına yalnız müştəri kimi deyil, həm də investor kimi bağlılığını gücləndirir.
Müqavilə elan edildikdən sonra Bloom Energy-nin səhmləri birjada kəskin yüksələrək 15%-ə qədər artıb. Bu, Oracle üçün opsionun dəyərinin kağız üzərində yüz milyonlarla dollar artması deməkdir.
Analitiklər bu modeli “satınalma + investisiya” yanaşması kimi qiymətləndirirlər: Oracle Sİ data mərkəzləri üçün sürətli enerji təminatını təmin edir. Eyni zamanda Bloom-un texnologiyasının uğurundan maliyyə qazancı əldə etmək imkanı qazanır
Bu razılaşma Sİ dövründə enerji təminatının kritik əhəmiyyətini göstərir. Böyük texnologiya şirkətləri artıq yalnız data mərkəzləri tikmir, həm də onların enerji mənbələrinə birbaşa investisiya etməyə başlayır.
Teqlər: