Qualcomm və Wayve avtonom avtomobillər üçün süni intellekt platforması hazırlayır
Qualcomm Technologies və Böyük Britaniyada yerləşən Wayve şirkəti süni intellekt əsaslı avtonom idarəetmə texnologiyalarının inkişafını sürətləndirmək üçün əməkdaşlıq elan edib.
Tərəfdaşlıq çərçivəsində Wayve-in “AI Driver” proqram təminatı Qualcomm-un avtomobil platforması olan Snapdragon Ride çipləri və təhlükəsizlik proqramları ilə inteqrasiya ediləcək. Yeni sistem avtomobil istehsalçılarına sürücüyə yardım funksiyalarından tam avtonom idarəetməyə qədər geniş imkanlar təqdim etməyi hədəfləyir.
Platforma Level 2+ səviyyəsində “hands-off” sürücülükdən başlayaraq, qanunvericiliyin imkan verdiyi bazarlarda Level 4 səviyyəli “eyes-off” avtonom idarəetməyə qədər geniş diapazonu dəstəkləyəcək.
Şirkətlərin bildirdiyinə görə sistem real dünya məlumatları ilə öyrədilən end-to-end süni intellekt modelinə əsaslanır və ənənəvi avtonom sürüş sistemlərindən fərqli olaraq yüksək dəqiqlikli xəritələrə ehtiyac duymur. Bu yanaşma müxtəlif ölkələrdə və yol şəraitində daha sürətli uyğunlaşmağa imkan verir.
Yeni platforma avtomobil istehsalçıları üçün vahid texnologiya paketi təqdim etməklə bir neçə fərqli təchizatçıdan istifadə nəticəsində yaranan inteqrasiya problemlərini də azaltmağı hədəfləyir. Sistem həmçinin avtomobilin istifadə müddəti ərzində OTA (over-the-air) yeniləmələri vasitəsilə daim təkmilləşdirilə biləcək.
Qeyd edək ki, Wayve şirkəti 2024-cü ildə keçirilən maliyyələşdirmə raundundan sonra 8,6 milyard dollar dəyərində qiymətləndirilib və Nvidia, Microsoft, Uber, Mercedes-Benz, Nissan və Stellantis kimi investorların dəstəyini alıb.
Teqlər: