Rusiyanın süni intellektdə sıçrayışı: sanksiyalar altında "texnoloji Suverenliyi" axtarışı
Qərbin sərt sanksiyaları və texnoloji məhdudiyyətlərinə baxmayaraq Rusiya “texnoloji suverenlik” hədəfi çərçivəsində süni intellekt üzərində işlərini sürətləndirir.
Moskvada Sber tərəfindən təşkil edilən və ölkənin ən böyük texnologiya forumu sayılan AI Journey konfransında Rusiya texnologiya şirkətləri yeni məhsullarını təqdim etdi. Forumda Vladimir Putinin verdiyi mesajlar da ölkədə yeni strateji mərhələyə işarə edir. Məhdudiyyətlər fonunda şirkətlər yerli həllərə üstünlük verir.
Rusiya, ABŞ və Çin tərəfindən idarə olunan qlobal süni intellekt yarışına daxil olmağı “suverenlik məsələsi” kimi qiymətləndirir. Sber və Yandex kimi şirkətlər xüsusilə fiziki süni intellekt və generativ modellər üzərində dayanır.
Sber: “Fiziki Süni İntellekt” istiqamətində addım
Sber yeni insana bənzər robotu Green-i təqdim edib. Şirkətin rəhbəri German Gref robotu rus mühəndisliyinin fiziki süni intellekt baxışının nümunəsi kimi təqdim edib. Green həm proqramlanmış hərəkətlər edir, həm də Sber-in GigaChat modeli vasitəsilə ətrafını qavrayıb reaksiya verə bilir. Mütəxəssislər robotun gələcəkdə sənaye və şəxsi xidmətlərdə istifadə oluna biləcəyini bildirir.
Sber həmçinin ChatGPT-yə rəqib kimi hazırladığı GigaChat modelinin son versiyasını tanıdıb. Yeni versiya peyk təsvirləri üzərində işləyir, daha çətin səs əmrlərini anlayır və Rusca dil emalında üstün göstəricilər təqdim edir. GigaChat artıq bəzi dövlət xidmətlərində istifadə olunur.
Sber-in nümayiş etdirdiyi yeni bankomat sistemi də GigaChat ilə inteqrasiya olunaraq yalnız əməliyyatlar deyil, qısa sağlamlıq yoxlamaları və maliyyə məsləhətləri təqdim edir.
Yandex: otonom texnologiyalar ön planda
“Rusiyanın Google-u” kimi tanınan Yandex süni intellekti gündəlik həyata gətirən layihələr üzərində işləyir. Şirkətin robot kuryerləri çətin hava şəraitinə baxmayaraq Moskvada xidmət göstərir.
Yandex sürücüsüz avtomobillər üçün yeni alqoritmlər hazırlayır. Məqsəd sıx tıxac və qarlı yollar üçün daha təhlükəsiz qərarvermə sistemləri yaratmaqdır. Şirkət bu texnologiyaları yalnız proqram təminatı kimi deyil, həm də nəqliyyat və logistika üçün yeni infrastruktur kimi qiymətləndirir.
Müdafiə sənayesi: “ağıllı modernizasiya”
Ukrayna müharibəsi fonunda süni intellekt Rusiyanın müdafiə strategiyasında əsas rol oynayır. İHA-ların avtonomiyası artırılır, elektron mübarizə sistemləri və hədəf müəyyənləşdirmə proseslərində süni intellektdən istifadə genişlənir. “Sürü İHA” layihələri və pilotlar üçün süni intellekt köməkçiləri prioritet sahələr sayılır.
Putin: “Qərbin texnologiya monopoliyasına icazə verilə bilməz”
Forumda çıxış edən Putin süni intellektin milli təhlükəsizlik məsələsi olduğunu dedi. O, Qərbin bu texnologiyalar üzərində nəzarət yaratmaq cəhdini “qəbuledilməz və riskli” kimi qiymətləndirib və Rusiyanın öz texnologiyalarını inkişaf etdirməli olduğunu vurğulayıb. Putin həmçinin süni intellekt modellərinin təlimi üçün böyük enerji sərfiyyatına diqqət çəkərək Rusiyanın enerji resurslarının bu sahədə üstünlük yaratdığını bildirib.
Sanksiyalar fonunda donanım problemi
Mütəxəssislər bildirirlər ki, Rusiya proqram təminatında irəliləyişlər etsə də, donanım sahəsində ciddi çətinlik yaşayır. Nvidia kimi şirkətlərin yüksək performanslı GPU-larına çıxışın məhdudlaşdırılması səbəbindən Rusiya Çinlə əməkdaşlığı artırır və qeyri-rəsmi kanallara üz tutur.
Bu çatışmazlıq yerli süni intellekt layihələrinin genişlənməsini çətinləşdirir. Elbrus və Baykal kimi yerli prosessorların inkişafı isə hələ də qarşıya qoyulan məqsədlərə cavab vermir.