Satya Nadella: Tamamilə AI ilə idarə olunan şirkətlər hələ real deyil

Satya Nadella: Tamamilə AI ilə idarə olunan şirkətlər hələ real deyil

Microsoft-un baş direktoru Satya Nadella süni intellektin tamamilə insan iştirakı olmadan şirkət qurması və idarə etməsi fikrini real olmayan “uzaq bir xəyala” bənzədib. Axel Springer CEO-su Matias Döpfnerlə “MD MEETS” podkastında çıxışı zamanı o vurğulayıb ki, AI nə qədər inkişaf etsə də, idarəetmədə son söz insanlarda qalacaq. Nadella qeyd edib ki, hətta yüksək avtomatlaşdırılmış data mərkəzləri belə dizayn, inşaat və texniki xidmət baxımından geniş insan əməyinə ehtiyac duyur.

Nadella gələcəyi “makro delegasiya və mikro istiqamətləndirmə” modeli ilə xarakterizə edib: insanlar yüksək səviyyəli tapşırıqları AI agentlərinə ötürür, lakin istisnalar və kritik qərarlar üzrə nəzarəti özlərində saxlayırlar. İş gününün AI vasitələrinə təlimat verməklə başlaması, agentlərin isə gündəlik işləri yerinə yetirərək yalnız vacib məsələləri yeni “agent qutuları” vasitəsilə işçilərə bildirməsi nəzərdə tutulur. Nadellaya görə bu yanaşma həm məhsuldarlığı artırır, həm də insanın strateji və yaradıcılıq rolunu qoruyur.

Nadella növbəti 5–10 ildə təkrarlanan tapşırıqların geniş şəkildə avtomatlaşdırılacağını qəbul etsə də, AI-nin insanları əvəz etməyəcəyini vurğulayıb. Microsoft-un Copilot kimi məhsulları işçilərin araşdırma, planlaşdırma və icra proseslərində bacarıqlarını artırmağa yönəlib. O, AI-ni email və elektron cədvəllər kimi tarixi texnoloji sıçrayışlarla müqayisə edərək bildirib ki, bu yeniliklər də işi dəyişdi, lakin insanları lazımsız etmədi

Nadellanın mövqeyi AI-nin kütləvi iş itkisinə səbəb olacağına dair qorxulara ziddir. O bildirir ki, avtomatlaşdırılmış sistemlərin hər biri daimi insan nəzarəti, monitorinqi və nasazlıq hallarında müdaxilə tələb edir – bu isə mütəxəssis ehtiyacının qalacağını göstərir. Bu balanslaşdırılmış baxış Microsoft-un AI-ni bütün ekosisteminə inteqrasiya edən strategiyası ilə üst-üstə düşür və texnologiyanın insanla tərəfdaşlıq modeli kimi tətbiq olunmasını ön plana çıxarır.