Sİ investisiyalarında yeni trend: enerji sektoru
Son beş ildə vençur kapital investorları Sİ startaplarına 500 milyard dollardan çox vəsait yatırsa da, hazırda ən perspektivli investisiya istiqamətlərindən biri enerji sektoru hesab olunur.
Sİ bumunun enerji problemi
Sightline Climate tərəfindən hazırlanan hesabata görə, elan edilmiş məlumat mərkəzi layihələrinin 50%-ə qədəri gecikə bilər. Əsas səbəblərdən biri isə enerji təminatına çıxışın məhdud olmasıdır.
Şirkətin izlədiyi 190 giqavatlıq məlumat mərkəzi gücünün yalnız 5 giqavatı hazırda tikinti mərhələsindədir. 2025-ci ildə isə layihələrin təxminən 36%-ində gecikmələr qeydə alınıb. Bu vəziyyət gələcəkdə Sİ istifadə edən böyük şirkətlərə də təsir göstərə bilər.
Enerji – yeni investisiya fürsəti
Enerji təklifinin məhdudluğu və artan tələbat investorlar üçün yeni imkanlar yaradır. Google və Meta kimi texnologiya nəhəngləri artıq günəş, külək və nüvə enerjisi layihələrinə milyardlarla dollar yönəldir.
Bu şirkətlər həmçinin Form Energy kimi startapların 100 saatlıq batareya texnologiyalarına investisiya edir və enerji şirkətləri ilə əməkdaşlıq edərək yeni həllərin tətbiqini sürətləndirir.
Bundan əlavə Amperesand, DG Matrix və Heron Power kimi startaplar enerji çevrilməsi texnologiyaları üzərində işləyir. Camus, GridBeyond və Texture kimi şirkətlər isə elektrik şəbəkəsində enerji axınını idarə edən proqram təminatları hazırlayır.
Elektrik çatışmazlığı dərinləşir
Goldman Sachs-ın proqnozuna görə Sİ texnologiyalarının inkişafı nəticəsində məlumat mərkəzlərinin enerji istehlakı 2030-cu ilə qədər 175% artacaq.
Bu isə elektrik şəbəkələrində ciddi çatışmazlıqlara və enerji qiymətlərinin artmasına səbəb olur. Nəticədə texnologiya şirkətləri öz enerji mənbələrini qurmaq və ya alternativ həllərdən istifadə etmək məcburiyyətində qalır.
Alternativ enerji həlləri
Amazon, Google və Oracle kimi şirkətlər artıq ənənəvi elektrik şəbəkəsindən asılılığı azaltmağa çalışır. Yeni məlumat mərkəzlərinin bir hissəsi yerində enerji istehsalı və ya hibrid modellərlə planlaşdırılır.
Məsələn, Google ABŞ-ın Minnesota ştatında yeni məlumat mərkəzi üçün günəş və külək enerjisini Form Energy-nin 30 giqavat-saatlıq batareyası ilə birləşdirən model tətbiq edir.
ABŞ-da batareya enerji saxlama gücünün ilin sonuna qədər 65 giqavata çatacağı gözlənilir. Form Energy isə bu tendensiyadan faydalanaraq IPO öncəsi 500 milyon dollarlıq yeni investisiya raundu planlaşdırır.
“Gizli” texnologiyalar: transformatorlar
Enerji yalnız istehsal deyil, həm də idarəetmə məsələsidir. Məlumat mərkəzlərində enerji paylanması əsasən transformatorlar vasitəsilə həyata keçirilir.
Hazırda istifadə olunan transformator texnologiyası 140 il əvvələ əsaslansa da, artan enerji tələbatı fonunda bu sistemlər kifayət qədər effektiv hesab edilmir. Ekspertlərin fikrincə, gələcəkdə serverlərin enerji sıxlığı 1 meqavata çatdıqda, onları dəstəkləyən enerji avadanlığı serverlərdən daha çox yer tutacaq.
Bu səbəbdən investorlar daha çevik və effektiv olan yarımkeçirici əsaslı (solid-state) transformator texnologiyalarına maraq göstərirlər.
Ümumi mənzərə
Enerji və infrastruktur startaplarına yatırımlar Sİ sektorundakı iri investisiyalarla müqayisədə daha kiçik olsa da, bu sahə daha dayanıqlı və uzunmüddətli imkanlar təqdim edir.
Qlobal iqtisadiyyatın elektrikləşməsi fonunda enerji tələbatının artacağı gözlənilir. Bu isə investorlar üçün Sİ bazarında mümkün risklərə qarşı alternativ və qoruyucu investisiya istiqaməti yaradır.
Teqlər: