Starbucks ChatGPT-də yeni beta tətbiq təqdim edib

Starbucks ChatGPT-də yeni beta tətbiq təqdim edib

Starbucks müştərilərə içki seçimlərində ilham vermək üçün ChatGPT platformasında beta tətbiq istifadəyə verib.

Şirkətin verdiyi məlumata görə istifadəçilər ChatGPT tətbiqlər kataloqu vasitəsilə Starbucks inteqrasiyasını aktivləşdirə biləcək və chatbot-da “@Starbucks” etiketi ilə sorğu daxil edərək içki təklifləri ala biləcəklər.

Müştərilər sifarişlərini fərdiləşdirə və yaxın filialı seçə bilsələr də, ödəniş və sifarişin tamamlanması yalnız Starbucks mobil tətbiqi və ya rəsmi vebsaytı vasitəsilə həyata keçiriləcək. Bu yanaşma şirkətin loyallıq proqramına bağlı satış modelini qorumağa imkan verir.

Starbucks rəqəmsal və loyallıq üzrə baş vitse-prezident Paul Riedel bildirib ki, müştərilər artıq birbaşa menyudan deyil, “əhval və ilham” əsasında seçim edirlər və yeni həll bu ehtiyacı qarşılamağa yönəlib.

Şirkət “Back to Starbucks” adlı transformasiya strategiyası çərçivəsində kafelərdə oturma zonalarını artırıb, menyunu optimallaşdırıb və loyallıq proqramında yeni mərhələli sistem tətbiq edib. Bu addımlar ABŞ bazarında müştəri axınını bərpa etməyə yönəlib.

Starbucks daha əvvəl də ChatGPT və Sİ texnologiyalarından istifadə edib. Keçən il Microsoft Azure OpenAI platforması əsasında baristalar üçün “Green Dot Assist” adlı Sİ köməkçi sistem təqdim olunmuşdu.

Şirkət rəqəmsal təcrübəni gücləndirməklə yanaşı, Gen Z istehlakçılarını cəlb etməyə çalışır. Xüsusi və fərdiləşdirilmiş içki seçimlərinə marağın artması bu strategiyanı daha da ön plana çıxarır.

Son dövrlərdə Walmart, Etsy və Booking Holdings kimi şirkətlər də ChatGPT interfeysi vasitəsilə satış və sifariş proseslərini test etməyə başlayıb.